Ukraynada vəziyyət gərginləşir
Ukrayna parlamenti fevralın 18-də ölkənin yeni baş naziri təsdiq etməlidir. Günün birinci yarısından artıq müxalifət yenidən fəal etirazlara başlayıb. Tələb konstitusiyaya müvafiq dəyişikliklər etməklə Ukraynanı 2004-cü ildə olduğu kimi parlament respublikasına qaytarmaqdır.
Prezident Yanukoviç belə bir tələbin həyata keçrirlməsinə aylarla vaxt lazım olunduğunu deyir. Müxalifət liderləri isə bu fikirlə razı deyillər. Avromaydan liderləri ilə prezident arasında son həftələr gedən danışıqlarda əsas problem də məhz bu məsələdi. Artıq bu istiqamətdə müəyyən razılıqlar da əldə olunub.
Fevralın 17-də hökumət ötən toqquşmalarda həbs olunan Avromaydan fəallarını azad edib. Buna qarşılıq olaraq, etirazçılar da noyabrdan öz qərargahlarına çevirdikləri Kiyev şəhər bələdiyyəsinin binasını tərk ediblər.
Ali Radanın binası önündə toqquşma zamanı 10 nəfər etirazçı yaralanıb. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, atılmış işıq-səs qumbarası aksiya iştirakçılarının birinin qolunu qoparıb.
Toqquşma zamanı xəsarət alanların əksəriyyəti başından yaralanıb.
Yerli mətbuat həmçinin hakim Regionlar Partiyasının mənzil-qərargahında şüşələrin sındırıldığı, etirazçıların binaya daş parçaları və “Molotov kokteyli” atdığını, yanğın baş verdiyini bildirir.