Gəncədəki HƏRBİ HİSSƏLƏR KÖÇÜRÜLƏCƏK
Gəncənin mərkəzində olan təxminən 10 hərbi hissə başqa ərazilərə köçürüləcək. APA TV-nin xəbərinə göerə, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bildirib ki, ölkə prezidenti İlham Əliyevin tapşırığı əsasında hərbi hissələrin köçürülməsinə yaxın vaxtlarda başlanılacaq. Onun sözlərinə görə, şəhərdə təxminən 1000 hektar ərazi hərbi hissələrin istifadəsindədir: "Şəhərin baş planında böyük dəyişiklik olacaq. Şəhərciklər salınacaq. Həm insanların mənzilə olan tələbatı, həm sosial təminatlı obyektlərin tikintisi, bunların şəhərin inkişafına təkan verəcək. Hərbi təyinatlı obyektlərin şəhərin mərkəzində olması məqsədəuyğun deyil".
2013-cü ilin yekunlarına həsr olunan iclasda çıxış edən icra başçısı bildirib ki,
yaxın iki ildə Gəncədə 1000-ə yaxın layihə icra olunacaq. 2016-cı ildə Gəncənin "Avropanın gənclər paytaxtı" olması şəhərdə önəmli layihələrin həyata keçirilməsi zərurətini yaradıb. Şəhərin qədimiliyini saxlamaqla, 1000-ə yaxın yeni infrastruktur layihələr hazırlanıb ki, bu ildən layihələrin icrasına başlanılacaq. Bu il isə 180 layihənin həyata keçiriləcək. Vacib layihələrdən isə Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisi, Gəncə çayının sahilində bulvarın salınması, çayın sahilində 15-ə yaxın 12-16 mərtəbəli yaşayış binalarının tikintisi qeyd edilib. Elmar Vəliyev bildirib ki, şəhərdə abadlıq işləri çərçivəsində 32 kilometr uzunluqda olan 30 küçə yenidən qurulacaq.