RİTN müavini İltimas Məmmədovun APA TV-yə MÜSAHİBƏSİ
“Tezliklə Azərbaycan ərazisində analoq yayımın dayandırılması barədə qərar qəbul ediləcək”
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun APA TV-yə müsahibəsi
- Nazirlik informasiya-kommunikasiya texnologiyaları ilini necə başa vurdu?
- İKT ili rabitəçilər üçün ən məsuliyyətli və tam qüvvəmizi ortaya qoyduğumuz il oldu. Bu il gördüyümüz işlər həm də gələcəkdə görəcəyimiz işlərə təkan verdi. Xalqımız üçün önəmli olan, yadda qalan əsas işlər də məhz bu il baş verdi. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması, növbəti peyklərinin orbitə buraxılmasının zamanının müəyyənləşməsi və onun üçün texniki hazırlıqların başlanması, aşağı orbitli peyklərlə bağlı hazırlıq işləri, Azərbaycanın orbital mövqelərin əldə olunması ilə bağlı işlərin görülməsi bu il həyata keçirildi. Rabitə deyincə, insanların ağlına daha çox telefonlar, internet gəlir. Bu sahədə də çoxlu işlər görüldü. Rabitəçilər tərəfindən 1200 km-dən artıq optik xətt nazirliyimizin birlik müəssisələrində çəkildi. Bu da çox böyük bir nəticədir. Ucqar yaşayış məntəqələrinin bir çoxunun bağlantısı təmin olundu, rayonlararası alternativlər verildi. Bir sıra məntəqələrdə yeni nömrə tutumları istifadəyə verildi, yeni poçt şöbələri istifadəyə verildi. Televiziyaların rəqəmsal yayıma keçməsi üçün böyük işlər görüldü. MDB məkanında ilk ölkələrdən biriyik ki, artıq analoq yayımın dayandırılmasına tam hazırıq. Artıq ölkə ərazisi rəqəmsal yayımla əhatə olunur. Son monitorinqimizin nəticəsinə görə əhatə dairəsinə daxil olmayan az bir hissə qalıb. Bu da ucqar rayonlarda olan dağlıq ərazilərdir ki, yaxın vaxtlarda bu proses də başa çatdırılacaq. Bütün bunlar və sahə üzrə bir sıra qanunların qəbul olunması, yeni xidmət sahələrinin yaranması İKT ilində baş verdi. Genişzolaqlı internet artdıqca təhlükəsizliyin qorunması üçün idarəyə ehtiyac var idi və bunun üçün Elektron Təhlükəsizlik Mərkəzi yaradıldı. Yüksək texnologiyalar parkının yaranması ilə yeni texnologiyaların, proqram təminatlarının, yeniliklərin başlanması və istehsalatda tətbiqi üçün gözəl mühit formalaşdı. İnformasiya Texnologiyalarına Dəstək Fondunun yaradılması isə imkanı məhdud olan müəssisələri maliyyə resursu ilə təmin edərək onların genişlənməsinə imkan yaradacaq. Yəni, texniki sahədə görülən işlərlə yanaşı, dəstək sahəsində də aparılan işlər imkan verdi ki İKT ilini uğurla başa vuraq və qarşıdakı illərdə geniş fəaliyyətlə məşğul olaq.
- Mobil nömrələrin daşınması necə həyata keçiriləcək?
- Nömrə daşıma ilk olaraq Avropada başladı. Amerika, Yaponiya və bir çox inkişaf etmiş ölkələr həyata keçirilir. Bunun nə verəcəyi, hansı formada tətbiq etməyin mümkünlüyü, qanunvericiliyimizə uyğunlaşdırması ilə bağlı MDB məkanında ilk dəfə olaraq biz araşdırmaya başladıq. Bununla bağlı müvafiq qərarlar qəbul olundu, qaydalar təsdiq edildi. Bunun tətbiq edilməsi üçün addım-addım işlər görməyə başladıq. Əgər əvvəllər operator daxilində nömrələri 7 rəqəmli yığılırdısa, biz ötən il hər operatorun öz kodunu yığmaq barədə qərar qəbul etdik. Bu çıx qısa müddətdə tətbiq olundu və özümüz də hiss etmədən artıq 9 rəqəmli yığım formasına başladıq. Bu, nömrə daşınması üçün bir addım idi. Bu, həm də hər bir istifadəçi üçün onun tam nömrəsinin nə olduğunu müəyyənləşdirir. Növbəti addım isə istifadəçinin operatordan asılılığını aradan qaldırmaq və zərurət yaranarsa, öz nömrəsini götürüb başqa operatorun şəbəkəsinə daşımaqla bağlıdır. Heç bir operatorun marağında deyil ki, onun istifadəçisi inciyib başqa operatoru seçsin. Bunun üçün operator müəyyən tədbirlər həyata keçirir ki, istifadəçiləri getməsin. Biz bunun hüquqi bazalarını formalaşdırdıq, keçid üçün qaydalar təsdiqləndi. Ancaq müəyyən A operatorundan B operatoruna o halda keçmək mümkündür ki, nömrə tamamilə istifadəçinin adına olsun və operatora heç bir borcu olmasın. Bundan sonra şəxs başqa bir operatora müraciət edir ki, mən sizin abunəçiniz olmaq istəyirəm. Çox qısa bir müddətdə problemin olub-olmaması araşdırılır. Maksimum altı gün ərzində nömrənin başqa operatora daşınması baş verir. Bu artıq dünyanın bir çox ölkələrində tətbiq olunur. Fevral ayının 1-dən biz Azərbaycanda rəsmi olaraq nömrədaşıma işinə start verdik. Ancaq hər kəsin nömrə daşıması zəruri deyil. Elə ölkələr də var ki, artıq neçə ildir, bu sistem tətbiq olunur, amma daşınan nömrələrin sayı mini keçməyib. Bəzi ölkələrdə isə əvvəlcə daşıma yüksək həddə olur, sonra isə baş vermir. Bizdə hələ elə bir ciddi daşıma yoxdur. Çox az sayda insan bundan istifadə edir. Görünür, operatorlar da insanların getməməsi üçün müəyyən addımlar atırlar. Bu sistem tətbiq edildiyi ölkələrdə ilk olaraq qiymətlərin aşağı düşməsi müşahidə olunur. Yəni yaxşı xidmətlər göstərilir ki, abunəçilər inciməsin. İstifadəçinin hər zaman üstün olduğunu operator da, hər kəs də qəbul edir.
- Azərbaycan "Azərispace-1" peykindən bu günə kimi nə qədər gəlir əldə edib? Peykin əsas istifadəçiləri kimlərdir?
- Peyki buraxmazdan öncə texniki, iqtisadi əsaslandırmalar aparılmışdı. Bu peykin hansı məqsədlə istifadə olunacağı, necə gəlir əldə ediləcəyi, haraları əhatə edəcəyi müəyyənləşdirilmişdi. Baxmayaraq ki, 10 illərlə peyk buraxan şirkətlər var idi, biz bu işə dünyaca məşhur ekspertləri cəlb edərək bu sahədə onların tövsiyələrindən istifadə etdik. Bu ekspertlər həm iqtisadi, həm hüquqi, həm də texniki sahələrə dair mütəxəssislər idi. Cəm olaraq aldığımız nəticələri işimizdə tətbiq etdik. Nəticədə peykimiz zamanında havaya qaldırıldı. Proses əvvəlcədən proqnozlaşdırılmış texniki parametrlərdən daha yaxşı şəkildə baş tutdu. Yəni fəzaya qalxan zaman yanacağa daha çox qənaət edildi deyə peykin ömrü daha uzun olacaq. Peyk daim istismarda olur, 24 saat nəzarətdə saxlanır. Bizdən 36-37 min km yüksəklikdə yerləşir və ağıllı bir qurğudur. “Azerispace-1” bizim mütəxəssislər tərəfindən idarə və nəzarət olunur. Bunu idarə edə biləcək komandanı formalaşdırdıq. Peykin buraxılması qədər məsuliyyətli bir addım onu idarə edəcək və onu marketin edəcək, monitorinq edəcək komandanın formalaşmasını tələb edir. Bəlkə də bu ondan daha böyük, daha ağır işdir. Bəzən qonşularımızdan bir çoxu təəccüblə yanaşırdı ki, siz peyki bəlkə də qaldıra bilərsiniz, ancaq əminsinizmi ki, siz onu saxlaya, istifadə edə biləcəksiniz? Doğrudan da bir sıra ölkələr peyki buraxmışdı, amma bir iki ildən sonra peyki tapa bilməmişdilər və ya faydasız olduğunu görmüşdülər. Ancaq biz gənclərdən ibarət bir komanda formalaşdırdıq. Onlar peykin idarə olunması, monitorinqi marketinqində yüksək səviyyədə iş aparır və növbəti peykin buraxılması üçün işlər görürlər. Bu gün peykimiz Afrika, Avropa və Asiyanın böyük bir hissəsini əhatə edir. İlk növbədə bundan tək ölkə daxilində deyil, xaricdə yaşayan hər bir azərbaycanlı qürur duyur. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri az qala dünyanın hər bir nöqtəsini əhatə edir. Bu gün Afrikadan 10 milyon dollardan çox gəlir götürməkdəyik. Əldə olunan bu gəlirlər peyk üçün ayrılan kreditlərin ödənilməsinə yönəlib. Bu gün Azərbaycanın özündə, qonşu ölkələrdə, Avropada, Asiyada bu peykdən geniş istifadə olunur. Hər gün çoxsaylı müraciətlər olur və bu müraciətlər mütəxəssislər tərəfindən araşdırılır. Bu peyk resursu elədir ki, onu müraciət edən hər kəsə də vermək mümkün deyil. Beynəlxalq normalar, qaydalar, ölkənin strategiyası var. Peykdən istifadə mütəxəssislər tərəfindən hazırlanmış texniki iqtisadi əsaslandırmalara uyğun şəkildə davam edir.
- İkinci peykin orbitə buraxılması ilə bağlı hazırlıq işləri necə gedir?
- Bizim nazir ilin yekunlarına həsr olunmuş konfransda qeyd etdi ki, 30 aydan sonra növbəti peykimiz orbitə qaldırılacaq. Bu istiqamətdə konkret addımlar atır, işlər görürük. Ola bilsin ki ikinci peykimizi Azərbaycana məxsus orbital mövqeyə qaldırdıq. Bir neçə variantlar üzrə mütəxəssislər tərəfindən iş gedir. Bizə məxsus yüksəklikdəki orbital hissənin koordinasiyası üzrə aidiyyatı ölkələr, operatorlarla sıx danışıqlar gedir. Bu ay həmin sahə ilə bağlı bir qrup mütəxəssis yaxın ölkələrdən birinə səfər edəcək, danışıqlar aparacaqlar. Bir peyklə adətən marketinq işlərini aparmaq çox çətin olur. İstənilən ölkə peykdən istifadə etməyi düşünərkən soruşur ki, başqa bir peyk varmı, hansısa hadisə baş verən zaman həmin peykə keçmək mümkün olacaqmı? Tenderlərdə də hətta konkret belə məqam olur. İki peyk olanda hər kəs şirkəti dərindən işləyən bir qurum kimi qəbul edir və çox rahatlıqla marketinq işlərini aparmaq mümkün olur.
- Rəqəmsal yayıma tam keçid nə zaman yekunlaşacaq və insanlar arzuladıqları televiziya kanallarına necə baxa biləcəklər?
- Bu gün Azərbaycan bəlkə də yeganə ölkələrdəndir ki, analoq yayımla rəqəmsal yayım paralel aparılır. Baxmayaraq ki, bu bizim nazirliyin, Radiotezliklər İdarəsinin və Teleradio İstehsalat Birliyinin məsrəfi bahasına başa gəlir. Adətən dünyanın hər yerində bir yayım başladısa, ikincisini dərhal dayandırırlar. Bizdə bu gün analoq yayım ölkənin müəyyən ərazilərini əhatə edir. Rəqəmsal yayım da ölkəni tam əhatə etməkdədir. Sadəcə qısa müddətdə analoq yayımın dayandırılması barədə qərar qəbul ediləcək. Rəqəmsal yayıma keçdikdən sonra sosial paket dediyimiz bir paket formalaşdırılır, bu paket əsasında bütün ölkə ərazisində bəlli sayda kanallar pulsuz olaraq hər yerdə yayımlanacaq. Bizdə bu kanalların sayı təxminən 10-dur. Bundan artıq kanala baxmaq istəyən kanalların sayına uyğun müəyyən operatorla müqavilə imzalayıb müəyyən məbləğ ödəyərək baxa biləcəklər. Bir çox yerlərdə insanlarda analoq tipli televizorların olması həmin avadanlıqların müəyyən qurğularla təchiz olunmasını tələb edir.
- Xarici radio və televiziya kanallarının Azərbaycan tezliklərinə müdaxiləsinin qarşısını almaq üçün hansı işlər görülür?
- Belə hallar bütün dünyada baş verir. Bunun qarşısını almaq üçün ilk növbədə Beynəlxalq Telekommunikasiya İttifaqının müəyyən etdiyi qaydalara uyğun tədbir görülür. Bizdə də hər hansı bir ölkənin bu cür kanalı aşkar edilərsə, ilk olaraq həmin ölkəyə müraciət olunur. Əgər problem həllini tapmırsa, və prosesi həyata keçirən düşmən ölkədirsə, o zaman Beynəlxalq Telekommunikasiya İttifaqına müraciət olunur. Ancaq hazırda biz rəqəmsal yayıma keçmişik və rəqəmsal televiziya BTİ tərəfindən tam tənzimlənir. Öncə analoq yayımda bu tənzimlənmədə müəyyən paradokslar var idi və bizdə bu sahədə ciddi problemlər olurdu. Rəqəmsal yayıma keçiləndən sonra hər bir ölkəyə müəyyən tezliklər ayrıldı. Daha sonra ölkələr qarşı-qarşıya oturaraq və ya BTİ və regional təşkilatların iştirakı ilə kanalların səviyyəsinə uyğun sənədlər imzalayır. Türkiyə, Gürcüstan, Rusiya və İranla belə sənədlər imzalamışıq. Bu proseslər artıq səngiyib. Hər kəsin kanalı və tezliyi bəllidir. Əgər bu qanunlara əməl etmədən təxribat xarakterli pozma halları olursa, onlara qarşı da müvafiq tədbirlər görülür, digər addımlar atılır.
- Ermənistanın tezliklərə təxribat xarakterli müdaxiləsinin qarşısı necə alınır?
- Bunların bir çoxu işğal olunmuş ərazilərimizdən gələn siqnallardır. Bu relyeflə də bağlıdır. Radio televiziya siqnalı elə bir şeydir ki, bunu hasar çəkməklə də ayırmaq mümkün deyil. Bizim kanallara müdaxilə olanda beynəlxalq təşkilatlara müraciət əsasında bunların yayımı dərhal dayandırılır. Amma boş kanallarda bu hal baş verirsə, bunun qarşısını almaq üçün də müəyyən tədbirlər görülür. RSS-dəki müzakirələrdən sonra da dayandırma halları olub. Bizim öz tədbirlərimiz əsasında bunun qarşısı alıb. Bizə qonşu ölkədən kanallar gəlirdi. Sonra biz həmin ölkədə olan zaman özümüzə aid nə qədər radiosiqnallar tapdıq. Mən əminəm ki, bizim siqnallar da hər yerə gedib çıxa bilir. Ermənistan tərəfdən olan siqnallar işğal olunmuş ərazilərimizdə qurulan siqnallardır. Bu da hündürlüklə bağlıdır. Təxribat xarakterli siqnalların da qarşısı dərhal alınır. Azərbaycan bu siqnalların qarşısını almaq üçün beynəlxalq səviyyələrə uyğun müraciət edir. Tədbirlər görülmədiyi halda digər texniki vasitələrlə bunların qarşısı alınır. Bu gün Azərbaycan ərazisində təxribat xarakterli yayım mümkün deyil.
- Bu il internetin qiymət və sürətində hansı dəyişikliklər gözlənilir?
- Qlobal internet şəbəkəsindən Azərbaycana gələn real internet 200 qeqabitdən artıqdır. Ötən il 210 qeqabit olub. Bu çox böyük bir həcmdir. Hətta biz bunun hamısını Azərbaycanda qəbul etmək və paylamaq imkanında deyilik. Bunun bir çox hissəsi regionlara da paylanılır, tranzit məqsədləri üçün istifadə olunur. İnternetin sürətinin evlərdə də artırılması üçün çox böyük işlər görülür, addımlar atılır. Mən buna başqa tərəfdən baxardım. Sürətli interneti evlərimizə gətirə biləcək yeni infrastruktura ehtiyac var. Mis naqillə, ənənəvi telefon xətti ilə biz böyük sürətdə internet istəyiriksə, texnikin olaraq yanlışlığa yol veririk. Bu texnikanın bəlli bir qüvvəsi var. Ucqar kəndlər bir tərəfə, hətta Bakıda elə yer var ki evdən ATS-ə kimi olan məsafə 10 kilometrdən çox olur. Bu məsafədə mis naqillə 20 Meqabitə kimi internet xidməti üçün müqavilə bağlayırlar. Sonra deyirlər ki, sürət yoxdur. Bu sürət istəsə də verilə bilməz. Xəttin parametrləri ona imkan verməz. Məhz buna görə Azərbaycanda genişzolaqlı internetin inkişafı üçün layihə hazırlanıb, bu günlərdə tətbiqinə başlanacaq. Bu imkan verəcək ki 2 kilometrdən artıq məsafədə mis naqillər qalmasın. Onlar müasir optik kabellərlə əvəz olunsun, və ya optik xətlə əlaqəli qurğular evlərə yaxınlaşdırılsın. Nəticədə hətta 100 meqabitə kimi internet müqavilələri imzalamaq mümkün olacaq. Yəni infrastrukturu abunəçinin evinə yaxınlaşdıracağıq. Biz bunu etməyincə ortada günahkar axtaracağıq. Artıq etiraf etmək lazımdır ki texniki vasitələrimizin bir çoxu maksimum istifadə oluna biləcəyindən artıq istifadə olunur. Bir çox hallarda internetin qiymətini azaltmaq məsələsini qoyuruq. Provayder istifadəçiyə eyni qiymətə təklif etdiyi internetin sürətini 1 meqabitdən 2 meqabitə qaldırır. Amma 2 və ya 10 meqabiti həmin mis naqillə almaq mümkündürmü? Əgər həmin yer ATS-ə yaxın məsafədədirsə, bu, mümkündür və ya VDSL texnologiyası istifadə edirsə, bu mümkündür. Əgər ADSL-dirsə və aralıq məsafə 10 kilometrdirsə, bu, mümkün deyil. Mən bunları deməklə nə provayderləri, nə də rabitə işçilərini təmizə çıxarmaq niyyətində deyiləm. Çünki biz bu günlərdə pik saatlarında 2 provayderin fəaliyyətində araşdırma apardıq, müəyyən qüsurlar aşkarladıq. Bu qüsurları provayderlərlə müzakirə etdik və aradan qaldırmağı tövsiyə etdik. Bu məsələni araşdırmaqda davam edəcəyik. Bəzən belə bir hal baş verir ki provayder 100 meqabitlə müqavilə imzalayıb, amma özüm qlobal internet şəbəkəsinə cəmi 4 meqabitlə qoşulub.
- Mobil operatorlar tam 4 G texnologiyasına nə zaman keçəcəklər və mobil internetin sürətinin artırılması üçün hansı işlər görülür?
- İnternet sabit şəbəkədə istifadə olunduğu qədər az qala mobil telefonda da istifadə olunur. Biz 3G lisenziyasını verdik və artıq telefonda 3G imkanı varsa, deməli internet var. Bu gün hər 3 mobil operator 3 lisenziyasına sahibdir. Amma biz hər dəfə operatorlarla görüşəndə öz narazılığımızı bildiririk ki, bu proses ölkədə bizim gözlədiyimiz tərzdə əhatə olunmadı. Bunların bəziləri Bakı və ya böyük şəhərlərdə təmin olundu, amma 3G bütün ölkə boyu yaxşı təmin olunmalıdır ki insanlar genişzolaqlı internetdən istifadə edə bilsinlər. Operatorlarla birlikdə müəyyən addımlar atılacaq. 4G funksiyası olanda isə internetdən daha geniş ərazidə, daha böyük sürətlə istifadə etmək mümkün olur. Bu gün Azercell belə bir imkana malikdir, Bakı və böyük şəhərlərdə bu xidməti göstərir. Bizə verilən məlumata görə, yaxın vaxtlarda bu xidmət ölkənin digər ərazilərini də əhatə edəcək. Digər mobil operatorların da müraciəti var və o müraciətlərə baxılır.