Abid Şərifov: ““Sovetski” sakinlərinin tələblərinə martın 3-də cavab veriləcək”
"Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərin tələblərinə baxılacaq və martın 3-də onlara məlumat veriləcək". Bu fikirləri baş nazirin müavini Abid Şərifov Yasamal rayonundakı 150 saylı orta məktəbin zalında “Sovetski” məhəlləsinin sakinləri ilə keçirilən görüşdə bildirib. Onun sözlərinə görə, ərazidə kiminsə tərəfindən hotel və ya yaşayış evi tikiləcəyi barədə xəbərlər şayiədir: “Buradan kiminsə zorla köçürülməsindən söhbət gedə bilməz. Hələ ortada bir şey yoxdur, aləmi qarışdırmağa da ehtiyac yoxdur. Kimisə zorla bu ərazidən çıxarmaq mümkün olan iş deyil. Qaz, su, işığı kəsmək məsələsi də olmayacaq. Tam məsuliyyətimlə söz verirəm ki, ərazidə sizin iştirakınızla komissiya qanunauyğun şəkildə işləyəcək”.
Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev isə bildirib ki, evlərin sokülməsi zamanı kompensasiya hesablananda xidməti tikinti, anbar, hətta həyətdə əkilən ağacların pulu da nəzərə alınacaq. Onun sözlərinə görə, heç kim məcburi şəkildə evindən köçürülməyəcək. İbrahim Mehdiyev köçməyə razı olan sakinlərin pulunu bankdan ala biləcəklərini deyib.
APA TV-nin xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə “Sovetski”də heç bir tikinti işi aparılmayacağını bildirib: “Komitə üzvlərinin bizdən xahişi oldu və bu xahiş yazılı şəkildə bizə təqdim olundu. Onlara bildirildi ki, martın 3-də həmin xahişlərin hamısına yazılı cavab veriləcək. Hansı vətəndaş cavabımızla razı olacaqsa, sözsüz ki, qanun çərçivəsində notarius və bank vasitəsilə pulunu alacaq. Kim ki razı olmayacaq, həmin sakinlərə fərdi yanaşılacaq, onun evi sökülməyəcək, orada istədiyi qədər yaşayacaq. Bununla belə, bizim son qərarımız martın 3-də olacaq və bu barədə əhali məlumatlandırılacaq”.
Hacıbala Abutalıov onu da bildirib ki, söküntüsü nəzərdə tutulan sahələr abadlaşdırılacaq, ərazidə geniş yollar, istirahət zonaları salınacaq.