SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: DƏRNƏGÜL YOLU ÜÇ GÜN BAĞLI OLACAQ

Fevralın 19-a keçən gecə saat 00.00-dan etibarən Ziya Bünyadov prospektinin bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.

 

Prospektin yenidən qurulması çərçivəsində su xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar Əliyar Əliyev küçəsinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinin kəsişməsinə qədər yol artıq bağlıdır. Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə bildirib ki, qeyd olunan hissədə yol 3 gün müddətinə yalnız birtərəfli qaydada bağlı olacaq. Sürücülər üçün bu müddət ərzində Böyük Şor qəsəbəsindən «20 Yanvar» metro stansiyası istiqamətində yol açıq olacaq, əks istiqamətdə isə bağlanacaq. «Azəryolservis» ASC sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edir.

 

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə APA TV-yə bildirib ki, yol genişləndirildikdən sonra 300 millimetrlik su boruları yolun hərəkət hissəsində qaldığından, onların yerinin dəyişdirilməsinə ehtiyac yaranıb. Təxminən 300 metrlik ərazidə aparılan işlər 2-3 gün davam etməlidir.

 

Müəllif | Apa.Tv