Pərviz Müşərrəf ilk dəfə məhkəməsində iştirak edib
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf vətənə xəyanət ittihamı ilə mühakimə olunduğu cinayət işi üzrə məhkəməyə ilk dəfə şəxsən qatılıb. İslamabaddakı Milli Kitabxananın binasında keçirilən məhkəmə prosesinin 20-ci iclası ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Binanın təhlükəsizliyini qoruyan polis və xüsusi xidmət orqanları əməkdaşlarının sayı artırılıb.
Sabiq prezidentin maşın karvanı məhkəmə binasına yaxınlaşdıqda tərəfdarları ona dəstək şüarları səsləndiriblər. Vəkilləri də iclas zalına girən Pərviz Müşərrəfi ayaq üstdə qarşılayıblar. Sabiq prezident məhkəmə prosesində cəmi 20 dəqiqə iştirak edib. Hakim Pərviz Müşərrəfə heç bir sual verməyib, o da müdafiə çıxışı etməyib. Məhkəmə prosesi bu günə təxirə salınıb.
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən vəkil Əhməd Rza Kasuri bildirib ki, Pərviz Müşərrəf heç nədən qorxmur: "Bu məhkəmənin generalı mühakimə etmək səlahiyyətinin olub-olmadığını bilmirik. Bu məsələyə aydınlıq gətirilməsini gözləyirik. İşə hərbi məhkəmədə baxılmasını tələb edirik".
Pərviz Müşərrəf məhkəmədən çıxdıqdan sonra Ravalpindidəki Silahlı Qüvvələrin Kardiologiya İnstitutuna qayıdıb. Qeyd edək ki, sabiq prezident yanvarın 2-də məhkəməyə gedərkən yolda infarkt keçirib.