KİYEV ALOV İÇİNDƏ: ONLARLA ÖLÜ VAR
Kiyevin Müstəqillik Meydanında etirazçılara qarşı həmləyə keçən xüsusi təyinatlılar Müstəqillik Stelasını mühasirəyə alıblar.
APA TV-nin “UNİAN”a istinadən yaydığı xəbərə görə, milis qüvvələri Müstəqillik Meydanının daha geniş ərazisini öz nəzarəti altına ala bilib.
Səhər saat 04.00 radələrində xüsusi təyinatlılar etirazçılara qarşı yenidən işıq-səs qumbaralarından istifadə edib. Aksiyanı yatırmaq üçün su şırnaqlarından da istifadə olunur.
“Azadlıq” partiyasının nümayəndəsi Aleksandr Aronetsin məlumatına görə, xüsusi təyinatlılar hətta “Qlobus”un damından da etirazçılara hücuma keçib.
Məlumata görə, Müstəqillik Stelasının yaxınlığında quraşdırılmış bir neçə çadıra od vurulub. Həmçinin, Yeni İl yolkası ətrafında quraşdırılmış çadırlar da yanır. Konservatoriyanın binasında da yanğının başladığı bildirilir.
Etirazçılar, buna cavab olaraq, avtomobil şinlərini yandırır, milis əməkdaşlarına daş və “Molotov kokteyli” atırlar. Maydanda quraşdırılmış səhnədə “Azadlıq” hərəkatının lideri Oleq Tyaqnibok etirazçılara çağırışlar edir. Nümayişçilər iki “BTR” tipli zirehli maşını yandırmağa və bir su şırnağı qurğusunu sıradan çıxarmağa müvəffəq olublar.
Qarşıdurmalarda 20 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı bildirilir.
Yol polisi paytaxtın mərkəzinə doğru hərəkət edən avtomobilləri saxlayaraq, yoxlayır. Məlumata görə, hətta “taksi”lər də ciddi yoxlanışa məruz qalır.