Eyni evə iki dəfə oğurluğa gedən keçmiş məhkum ələ keçdi
Sabirabadda evlərdən oğurluq edən keçmiş məhkum həbs edilib. Sabirabad rayon Polis Şöbəsinin müstəntiqi Yavər Evvazovun verdiyi məlumata görə, rayon sakini, 27 yaşlı Cümşüdov Səbuhi Əliniyaz oğlunun evlərdən oğurluq etdiyi aparılan əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub.
Adı çəkilən şəxs bu il yanvarın 29-da Şıxəliyev Daşqın Xələf oğlunun evindən ümumi dəyəri 1430 manat olan cehizlik əşyaları oğurlayıb. Bununla kifayətlənməyən Səbuhi Eyvazov eyni evə fevralın 2-də yenidən qayıdıb və bu dəfə 1180 manatlıq cehizlik əşyaları aparıb. Bundan başqa o, fevralın 6-da Ələkbərov Elçin Gülmirzə oğlunun yaşadığı evdən ümumi dəyəri 720 manat olan əmlakı oğurlayıb. Ümumilikdə Səbuhi Cümşüdov istintaqa məlum olan 3330 manat dəyərində özgə əmlakını oğurlamaqda şübhəli bilinir.
Səbuhi Cümşüdov Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri üzrə cinayət törətməkdə şübhəli bilinib və Sabirabad rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Səbuhi Cümşüdov bundan əvvəl 5 il müddətində azadlıqdan məhrum edilib və 2013-cü ilin may ayında azadlığa çıxıb.