Ukraynda QARŞIDURMA GƏRGİNLƏŞİR: BİR JURNALİST ÖLDÜRÜLDÜ

Ukraynanın paytaxtı Kiyevdə etirazçılarla milis qüvvələri arasında davam edən toqquşmalar zamanı ölənlərin sayı artmaqda davam edir. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, etirazçılar düşərgəsində ölənlərin sayının 20 nəfərə çatıb. Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi saytının məlumatına görə isə qarşıdurma zamanı 9 milis əməkdaşı həlak olub. 

 

Eyni zamanda Rusiyanın "Vesti" qəzetinin əməkdaşı Vyaçislav Veremiy sinəsindən güllələnib. Qəzetin baş redaktoru İqor Qujva özünün facebook səhifəsində faktı təsdiqləyib. Onun sözlərinə görə, silahlı şəxslər Vyaçeslav Veremiy və həmkarı Aleksey Lımarenkonun mindiyi taksiyə hücum ediblər. Kaska, maska və kamuflyaj geyinmiş şəxslər işıqforda dayanmış taksiyə “Molotov kokteyli” atdıqdan sonra onun içindəki adamları döyməyə başlayıblar. Sinəsindən güllə yarası alan jurnalist ağır vəziyyətdə xəstəxanada ölüb.

 

Bu arada Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə baş verən son hadisələrlə bağlı xalqa müraciət edib. Prezidentin şəxsi səhifəsində yer alan müraciətdə Viktor Yanukoviç qarşı tərəfi dialoqa, qanlı qarşıdurma yaratmaqdan çəkinməyə çağırıb: "Artıq onlar sərhədi keçiblər. Bütün bu hadisələri törədənlər qanun qarşısında cavab verməli olacaq".

Onun sözlərinə xalqın səsi mülkləri talan etməklə yox, seçki məntəqələrindən gəlməlidir. O,qeyd edib ki, problemin sülh yolu ilə həllinə çalışdığını söyləyən müxalifət liderləri dərhal hüquq-mühafizə orqanları ilə toqquşmalara gedən radikallardan özlərini ayırmalıdır. Dövlət başçısı ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib. 

 

Müəllif | Apa.Tv