Çörək sexində antisanitariya
Balakəndə çörək istehsalı sexində antisanitar vəziyyət aşkarlanıb. Yoxlamalar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılıb. APA TV-nin xəbərinə görə, Balakən şəhərində fiziki şəxs Qarayev Şamil Ramazan oğlu və fiziki şəxs Akqubayev Saleh Mollaisa oğluna məxsus sexdə aparılan yoxlama zamanı müəssisələrin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyasının və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, sınaqların aparılmadığı məlum olub. Məhsulların keyfiyyətli sabit istehsalı üçün şəraitin təmin olunmadığı müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradnamə verilib, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib edilib.