Kürdəmirdə uçub-dağılan məktəb yenisi ilə əvəzlənəcək

Kürdəmir rayonunda köhnə və qəzalı vəziyyətdə olan orta məktəbin yerində müasir standartlara uyğun yeni məktəb tikilir. Rayon Təhsil Şöbəsindən APA TV-yə verilən məlumata görə, hazırda rayonun Mürtülü, Axtaçı, Sovla, Quşlar kənd məktəbləri 55-60 il əvvəl tikilib və hazırda qəzalı vəziyyətdədir. Mürtülü kəndində şəhid Bayram Məmmədovun adını daşıyan orta məktəbin pəncərələri köhnə və sınıq, tavan və döşəmə çürük, divarları çatlaq vəziyyətdədir. Məktəb 1968-ci ildə tikilib və bu günədək əsaslı təmir edilməyib. Dam örtüyü və otaqların tavanı bərbad vəziyyətdə olduğu üçün yağış yağanda şagirdlərin başına su tökülür. Bu problemlər isə təhsilin keyfiyyətinə mənfi təsir göstərir.

 

Kənddə tikintisi gedən yeni məktəb 220 şagird üçün nəzərdə tutulub. Məktəb müasir standartlara uyğun şəkildə, müasir texniki və inventar avadanlıqla təmin ediləcək. Artıq binanın ikinci mərtəbəsində hörgü işləri başa çatmaq üzrədir. Binanın yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov