Əli Həsənov: "HƏR KƏS ZƏHMƏT ÇƏKİB ÖZ ÖVLADI İLƏ MƏŞĞUL OLSUN"

"Hər kəs zəhmət çəksin, övladı ilə məşğul olsun".

APA TV-nin xəbərinə görə, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov son zamanlar məmur övladları ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. O, öz övladı ilə bağlı heç bir məlumatın yayılmadığını vurğulayıb.

Baş nazirin müavini, həmçinin Gəncə və Bakıda qaçqın və məcburi köçkünlərə qarşı dələduzluq halları ilə bağlı bəyanat yaydıqlarını və bu kimi faktların artdığını bildirib: "Bu yaxınlarda Ağdamdan bir qadın ağlaya-ağlaya komitəyə gəldi. 44 nəfər məcburi köçkündən 370 min manat pul toplayıblar. 170 minini qaytarıblar, qalanını qaytara bilməyib, Türkiyəyə qaçıb. Bu kimi hallara son qoyulacaq".

 

Əli Həsənov qaçqın və məcburi köçkünlərin dələduzlara qoşulduqları halda özlərinin məsuliyyətə cəlb olunacaqlarını deyib: "Məni içimdən yandıran odur ki, məcburi köçkün əziyyətlə 3-5 manat qazanır. Onu dələduza verir. Başa düşmürəm, nəyə arxayındırlar. Niyə bu yola gedirlər. Axı bunlar sonra görür ki, qanunsuz ev almaq mümkün deyil".

 

Əli Həsənov bu il ərzində ölkə ərazisində qaçqın və məcburi köçkünlər üçün 7-8 yerdə tikinti işlərinin getdiyini deyib. Onun sözlərinə görə, ilin sonuna kimi 4 min ailə, yəni 20 mindən çox məcburi köçkün yeni evlərə köçürüləcək. O, 2 il ərzində Bakıda tikinti işinin aparılmayacağını deyib.

 

Müəllif | Apa.Tv