Komitə sədri: "Ermənistan bizim qonşumuzdur"

"Ermənistan xalqı gecə-gündüz gözləyir ki, Dağlıq Qarabağ münaqişəsi nə zaman bitəcək və onlar da ağ günə çıxacaqlar".

APA TV-nin xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O, ümidvar olduğunu bildirib ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkəcək və ən çox ziyanı özünə vurduğunu başa düşəcək: "Bizim insanlar mənəvi ziyan çəkiblər, amma dözürlər və dözəcəklər. Amma Ermənistan bu torpaqlardan heç nə qazanmayıb".

 

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan qonşuları ilə mehriban dostluq siyasəti həyata keçirir. O, Ermənistanın da bizim qonşumuz olduğunu və işğal olunmuş ərazilərin qonşuluğunda yerləşdiyini deyib: "Çox təəssüf ki, Ermənistan rəhbərliyi bunu dərk etmir. Ermənistan xalqı bunu dərk edir. Biz bilirik, Ermənistan xalqı bu saat nə vəziyyətdədir. Amma Ermənistanın o təcavüzkar faşist rejimi bundan əl çəkmir. Çünki onlar bu problem üzərində öz kapitallarını formalaşdırıblar və bu problemdən əl çəkmək onların hakimiyyətinin sonudur".

 

Baş nazirin müavini İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycandakı fəaliyyətinin başa çatdırılması ilə bağlı mərasimə qatılıb. Mərasimdə  İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, İmdat Komitəsinin Azərbaycandakı rəhbəri Mahmud Seyyidi və komitənin beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Məhəmmədifər çıxış edib. Qeyd olunub ki, bu qurum Azərbaycanda 20 il 4 ay fəaliyyət göstərib və bu müddət ərzində müxtəlif sahələr üzrə 45 milyon dollar vəsait sərf edib.

 

Müəllif | Apa.Tv