Tələbələr bir ali məktəbdən digərinə keçə biləcəklər - QAYDA

"Bu ildən etibarən ali məktəb tələbələri bir ixtisasdan digər  ixtisasa və ya bir ali məktəbdən digərinə köçürülə biləcəklər. Amma əlbəttə ki, Təhsil nazirliyinin bu günlərdə açıqladığı yeni qaydalarda göstərilən şərtlər əsasında".

APA TV-nin bunu fevralın 19-da Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov bildirib: "Ölkə daxilində bakalavr səviyyəsində bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal, qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimum keçid balından az olmasın. Eyni zamanda həmin köçürülmə TQDK tərəfindən müəyyən edilmiş ixtisas qrupunun daxilində həyata keçirilsin".

Cəsarət Valehov deyib ki, yeni qaydaya əsasən, tələbə bir ali təhsil müəssisəsindən digərinə köçürülən zaman istənilən halda ödənişli təhsil alacaq. Tələbənin əyani təhsildən qiyabiyə və ya qiyabi təhsildən əyaniyə keçməsi məsələsi də yalnız rektorun adına ərizə yazmaqla gerçəkləşdirilə biləcək.

Onun sözlərinə görə, xüsusi təyinatlı ali təhsil müəssisələrində - Ali Hərbi məktəblər və Polis Akademiyasında təhsil alıb sonradan səhhəti ilə əlaqədar xaric olunan tələbələr də bu ildən etibarən mülkü ali təhsil müəssisələrində eyni ixtisaslarda təhsil ala biləcəklər.

Fevralın 18-də Təhsil Nazirliyi “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ı elan edib.

 

Müəllif | Apa.Tv