Əfqanıstanda 208 AZƏRBAYCANLI HƏLAK OLUB
Bakıda Sovet Ordusunun sonuncu əsgərinin Əfqanstandan çıxarılması ilə bağlı tədbir keçirilib. 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək SSRİ-nin 40-cı ordusu Əfqanıstan ərazisində olub, beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyat keçirib. 10 ildə SSRİ-nin tərkibində olan keçmiş müttəfiq respublikalardan 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi əməliyatlarda iştirak edib. Bundan əlavə, 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxını isə SSRİ DİN-dən xidmət edib. Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olub. Əfqanıstanda döyüşlərdə və hərbi əməliyatlarda Sovet ordusundan 14453 nəfər həlak olub, 292 nəfər itkin düşüb, 5753 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Azərbaycandan 9500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 208 nəfəri hərbi əməliyatlarda ölüb, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb, 1400 nəfər isə mülkü işlərdə xidmət edib. Azərbaycanın Əfqanstan veteranlarının 4500 nəfəri Azərbaycanın Milli Ordusunun yaranmasında xüsusi fəallıq göstərib, ilk xüsusi təyinatlı batalyon təşkil edərək Qarabağda torpaqlarının yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşüblər. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb.
APA TV-nin xəbərinə görə, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Əfqanıstan müharibəsi veteranları, Silahlı Qüvvələrin zabit və gizirləri, MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib.