Azərbaycanlı jurnalist döyüldü - UKRAYNADA GƏRGİNLİK
Ukraynanın paytaxtı Kiyevdə vəziyyət gərgin olaraq qalır. Küçələrə beton piltələr düzülüb. Baş verən qarşıdurmalarda azərbaycanlı jurnalist döyülüb. Hadisə fevralın 18-dən 19-a keçən gecə baş verib. Ukrayna Ali Radasının qarşısında baş verən qarşıdurmalarda bu ölkənin “5-ci kanal”ının jurnalisti, Ukrayna vətəndaşı Azad Səfərovu xüsusi təyinatlılar döyüb və o, ağır xəsarət alıb.
Azad Səfərov APA-ya bildirib ki, toqquşmada kanalın operatoru da döyülüb: “Hadisə zamanı mənim sağ əlim sınıb və üzümdən xəsarət almışam. Operatorumun isə kamerası sındırılıb və ona xəsarət yetirilib. Xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılmışam. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm”.
Ukraynanın Xmelnitsk şəhərində isə Ukrayna Təhlükəsizlik Xidmətinin yerli şöbəsinin binasına hücum zamanı qadın güllələnib. Hadisə şahidləri bildiriblər ki, binaya avtomobil yaxınlaşıb. Maşından çıxan şəxslər kütləyə atəş açıblar. Nəticədə 1 qadın qətlə yetirilib, 3 nəfəri isə yaralanıb. Buna cavab olaraq, müxalifət tərəfdarları trolleybus ələ keçiriblər və onun köməyi ilə binanın darvazalarını sındırıblar. Həmçinin məlum olub ki, Xmelnitsk vilayət Radasının sədri Nikolay Derikot Regionlar Partiyasının sıralarını tərk edib.
Çernovitsı vilayətində isə etirazçılar qubernatoru istefaya məcbur ediblər. Belə ki, Çernovitsı vilayət dövlət administrasiyasının rəhbəri Mixail Papiyev administrasiya binası önündə yığışan insanların təziyiqinə tab gətirməyərək istefa ərizəsini yazıb.
Volın vilayətinin qubernatoru Aleksandr Boşkalenko da etirazçıların təzyiqi ilə üzləşib. 30 min etirazçının istefa tələbini rədd edən A.Boşkalenkonun davranışı kütlənin qəzəbinə səbəb olub. Belə ki, etirazçılar istefa verməkdən imtina edən qubernatoru yerə yıxaraq döyüblər. Sonra onu qandallarla səhnəyə bağlayıblar. Etirazçılar bildiriblər ki, istefa ərizəsini yazdıqdan sonra A.Boçkalenko sərbəst buraxılacaq.
Bu arada hakim Regionlar Partiyasından bildiriblər ki, Kiyevin Obolon rayonunda partiyanın rayon təşkilatının ofisinin yandırılmasına cəhd olub. Deputat Yuri Blaqodir isə Regionlar Partiyasının parlament fraksiyasından çıxdığını bəyan edib.
Ölkədə baş verən qarşıdurmalarda 30-dan çox insan ölüb. Ölkədə matəm elan olunub.