TQDK sədri: "Məktəblərdə qiymətləndirmə düzgün aparılmır"
"Məktəblərdə qiymətləndirmə proseduru düzgün aparılmır". APA TV-nin xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib: "Bu uşağa yalandan "5" yazılırsa, o da düşünür ki, yüksək nüfuzlu ali məktəbə qəbul ola biləcək".
Komisiya sədri bildirib ki, ali məktəblərə qəbul olunanların əksəriyyəti litsey məzunudur. Onun sözlərinə görə, son doqquz ildə məzunların sayı azalıb. Əvvəlki illərin məzunlarının sayı isə artır. Bununla əlaqədar olaraq, bu il həmin kateqoriya abituriyentlərin imtahanları may ayında keçiriləcək. Abituriyentlərin imtahanda göstərdiyi nəticəyə gəlincə sədr bildirib ki, bu, çox aşağıdır: "Balakən-Zaqatalada təhsil almaq istəyən oğlanların sayı çox azdır. Cənub zonasında isə qızlar təhsil almır".
Məleykə Abbaszadə bildirib ki, hər il testlər məzunların bilik səviyyəsinə uyğun hazırlanır. Qəbul imtahanlarına açıq testləri daxil etdikdən sonra qəbul nəticələri dəyişməyib.
O qeyd edib ki, bu gün orta məktəblərdə orta ixtisas təhsili müəssisələrini bitirən şəxslər də dərs keçir.
TQDK Bakı şəhərində 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib.