Davudoğlu: “Hər bir azərbaycanlını saxlayıb, hara getdiyini soruşa bilmərik”
“Türkiyə ilə Azərbaycan arasında viza rejimi olmadığı üçün kimin hara getdiyini müəyyənləşdirmək mümkün deyil”. APA TV-nin xəbərinə görə, jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan vətəndaşlarının Suriyayaya Türkiyə ərazisindən keçməklə getdiklərinə dair iddiaları cavablandırarkən belə deyib: “Biz hər bir azərbaycanlını saxlayıb, hara getdiyini soruşa bilmərik. Azərbaycan tərəfi konkret faktlar təqdim edərsə, araşdırıb tədbir görə bilərik”.
Əhməd Davudoğlu son vaxtlar Türkiyənin Ermənistanla sərhədləri açmasına dair yayılan məlumatların əsassız olduğunu da vurğulayıb.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze isə Ahiska türklərinin Gürcüstana qayıtmasını əngəlləyən bəzi məsələlərin Avropa Birliyinin köməyi ilə həll olunacağını deyib.
Fevralın 19-da Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü olub. Görüşdən sonra nazirlər mətbuat konfransı keçirərək medianın suallarını cavablandırıblar.