Nazirdən Ukraynadakı azərbaycanlılara çağırış: "Uzaq durun”

“Azərbaycan vətəndaşları Ukraynada münaqişə yerlərindən uzaq olmalıdırlar”. 

 

APA TV-nin xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Ukrayna ilə Azərbaycanın əməkdaşlığı strateji xarakter daşıyır və bu ölkədə sabitliyin bərqərar olması önəmlidir: “Azərbaycan tez bir zamanda Ukraynada sabitliyin bərqərar olmasını istəyir. Bu, həm Ukrayna, həm də bütün region üçün yaxşı olar. Xarici İşlər Nazirliyi artıq bu barədə açıqlama verib, Azərbaycan vətəndaşları Ukraynada həm yaşayarkən, həm də turist səfərləri və biznes fəaliyyəti ilə əlaqədar ora gedərkən münaqişə baş verən yerlərdən uzaq durmalıdırlar”.

 

Elmar Məmmədyarov əlavə edib ki, Azərbaycan tərəfi Ukraynada iqtidar, müxalifət və bütün digər qüvvələrin birləşməsini istəyir. Hazırda orada baş verənlər çox xoşagəlməz haldır.  

 

Azərbaycanın xarici işlər naziri jurnalistlərin suallarını cavablandırarkən 2015-ci ildə NATO  qoşunlarının Əfqanıstandan Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə çıxarılacağını da istisna etməyib: "Bununla bağlı bir neçə dəfə təklif vermişik, hətta prezentasiya da keçirmişik. Bu istiqamətdə səfirimizə tapşırıq vermişik ki, məsələni NATO-nun rəhbərliyi ilə müzakirə etsin. Təklif verilib ki, bu dəmir yolundan NATO-nun qoşunlarını Əfqanıstandan çıxarmaq üçün istifadə etsin".

 

Fevralın 19-da keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gəncə görüşünün yekunlarına dair birgə Bəyannamə qəbul olunub. Bəyannamədə deyilir ki, həll olunmamış mövcud münaqişələr günahsız insanların ölümünə, etnik təmizliyə, yüz minlərlə qaçqın və məcburi köçkünün yaranmasına, insan haqları və azadlıqlarının təməl prinsiplərinin pozulmasına səbəb olur. Bu münaqişələr həmçinin mədəni irsin və şəxsi mülkiyyətin dağıdılmasına gətirib çıxarır, Cənubi Qafqazda siyasi-iqtisadi sabitliyə zərbə vurur.

 

Sənəddə Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələrin BMT Təhlükəsizlik Şurası, ATƏT və Avropa Şurasının qətnamələri, qərarları, eləcə də  dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həll olunmasına dəstək ifadə edilib. Bakı-Tiflis-Ərzurum, “Şəhdəniz 2” layihələri və Bakı-Tiflis-Qars nəqliyyat layihələrinin uğurla həyata keçirilməsinin vacibliyini vurğulanıb.

 

Bəyannamədə həmçinin bu il ərzində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin növbəti üçtərəfli görüşünün Türkiyədə keçirilməsi qərarlaşdırılıb. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli