TQDK sədri: "İmtahansız təhsil olar?"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul kampaniyası dövründə valideynləri və abituriyentləri “işbazlar”dan ehtiyatlı olmağa çağırıb. APA TV-nin xəbərinə görə, o bildirib ki, hamı bu adamların necə cəzalandırılmasını, qanun qarşısında cavab verdiklərini görsə də, müəyyən vaxtdan sonra kimsə kiminsə toruna düşür: "Hansısa “işgüzar adam”ın toruna düşən insanlar öz talelərini aşağı savadı olan insana həvalə edirlər. Mən yenə də onlara müraciət edirəm ki, bizim rəsmi orqanımız, saytımız var. Qaydalar açıqdır, proses tam şəffafdır. Kiməsə nəsə söz verən adamların işi yalnız dələduzluqdur və onları aşkar etmək üçün mətbuatın da köməyi lazımdır. Hüquq-mühafizə orqanlarına müraciət edərək onları ifşa etmək gərəkdir”.

 

M.Abbaszadə bəzi xarici ali məktəblərə imtahansız qəbul məsələsinə də münasibət bildirib: "Mən özüm də tıxacda olarkən qarşıdakı avtobusun üzərində reklamda “xaricdə imtahansız təhsil” yazısının şahidi oldum. Ümumiyyətlə, təhsil prosesini imtahansız təsəvvür etmək mümkündürmü? Ölkədə azad iqtisadiyyatdır, söz azadlığı var və kim hansı şüarı istəsə, yaza bilər. Amma buna kim inanacaq? İnanan adam da gərək fikirləşsin ki, belə təhsil təklif olunursa, bu nədir?

 

Komissiya sədri deyib ki, oxumaq istəyən oxuyacaq və nəticə əldə edəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova