Səhiyyə Nazirliyi ölənlərin sayını açıqladı - UKRAYNADA QARŞIDURMA
Ukrayna Səhiyyə Nazirliyi paytaxt Kiyevdə baş verən toqquşmalar zamanı ölənlər və yaralananlar haqqında yeni rəqəmlər açıqlayıb. Nazirliyin saytında yer alan xəbərə görə, qarşıdurmanın yeni dalğasının başladığı fevralın 18-dən fevralın 20-si səhər saat 06.00-a olan məlumata əsasən, 28 nəfər ölüb, yaralanan 445 nəfər tibb məntəqələrinə müraciət edib.
APA TV-nin xəbərinə görə, xəstəxanalarda hazırda 287 nəfər müalicə olunur, onlarda 88-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Xəstəxanalarda müalicə alanlar arasında 6 jurnalist, yetkinlik yaşına çatmayan 4 nəfər, 2 əcnəbi və 1 müxalifətçi deputat Vasili Pazinyak da var. Ümumilikdə toqquşmalarda təxminən 800 nəfər xəsarət alıb.
Bu arada ABŞ Ukraynada baş verən hadisələrə görə bu ölkədən olan 20 məmura qarşı viza sanksiyaları tətbiq etməyə başlayıb. Sanksiyalar zorakılıqları dayandırmaq gücündə olmasa, o zaman ABŞ Avropa Birliyi ilə birlikdə Ukraynadakı vəziyyətin normallaşması üçün başqa tədbirlər də görəcək. ABŞ-ın xarici siyasət idarəsi hələlik sanksiya tətbiq etdiyi ukraynalı məmurların adlarını açıqlamayıb.