Maydanda 15 nəfər öldürüldü, 20-dən çox yaralı var! - MAYDANDAN ONLİNE GÖRÜNTÜLƏR
Kiyevin mərkəzində qarşıdurmalar davam edir. Maydandan son canlı yayım görüntülərində hökumət qüvvələrinin hücumla Maydanı ələ keçirməyə hazırlaşdığına dair kadrlar yer alıb. Artıq Maydanın ətrafındakı binaların damında snayperlər yerləşdirilib. Canlı yayımla Kiyev sakinlərinə müraciət edən müxalifət təmsilçiləri aksiya iştirakçılarını mərkəzdə toplaşmağa, qüvvələri parçalamağa imkan verməməyə çağırırlar. Maydan yaxınlığında yaradılmış səyyar hospitalda yaralılara ilkin yardım göstərilməsi üçün hazırlıqlar gedir. Efirdən səslənən çağırışlarda vətəndaşlardan qan vermək xahiş olunur.
**
13.00
Hazırda Maydanda 30 min aksiya iştirakçısı var. “Ukrayna” otelinin damında yerləşdirilən snayperlər Maydana toplaşanlara atəş açırlar. Təşkilatçılar aksiya iştirakçılarını barrikadaların arxasından çıxmamağa çağırırlar. İlkin məlumata görə, Maydanda snayperlər tərəfindən vurulmuş 7 nəfərin meyiti var. “Kozatski” otelinin yanında da 5 nəfərin meyitinin olduğu bildirilir. 70-ə yaxın hüquq-mühafizə orqanlarının aksiya iştirakçıları tərəfindən girov götürüldüyü barədə xəbərlər yayılıb. Ümumilikdə snayper atəşindən yaralananların sayı 20 nəfəri keçib.
**
13.10
Aksiya iştirakçılarına müraciət edən Ali Radanın üzvləri Yanukovişin göstərişi ilə daxili qoşunların əsgərlərin döyüş silahı və patronlarının verildiyini bildiriblər. Hərbçilərə xitab edən deputatlar artıq parlamentin onların hərbi andın tələblərini yerinə yetirməkdən azad etdiyi barədə qərar qəbul etdiyini xatırladıblar. Qərara əsasən, Maydana toplaşan şəxslərə atəş açan şəxslər öz xalqına qarşı silah işlətməkdə ittiham olunacaqlar. Maydan liderləri “Berkut” xüsusi təyinatlılarını da xalqa atəş açmamağa çağırıblar.