XALQ ARTİSTİ FİRƏNGİZ ŞƏRİFOVA VƏFAT EDİB
Azərbaycanın xalq artisti Firəngiz Şərifova dünyasını dəyişib. 90 yaşlı aktirsa fevralın 20-də səhər saatlarında vəfat edib. Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda xalq artistləri Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində dünyaya gəlib.
O, 1941-ci ildə ailəsinin yaxın dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olub. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə 8 yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Firəngiz xanım Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb. 1960-cı ildə Akademik Milli Dram Teatrına işə götürülən akrtisa milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə görə, əməkdar artist, xalq artisti fəxri adlarına layiq görülüb. O, çalışdığı teatrlarda saysız rollar oynayıb.
Aktrisa gənc yaşlarından başlayaraq, "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Qaraca qız", "Bir ailəlik bağ evi", "Bayquş gələndə", "Qərib cinlər diyarında", Qətl günü" kino lentlərində müxtəlif rollara çəkilib. Firəngiz Şərifova “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımovun nənəsidir.