Maydanda son iki gündə ölənlərin sayı 40 nəfəri keçib, 445 yaralı var

Ukrayna prezidentinin sərəncamına əsasən, bu gün səhər saatlarından Kiyev və digər şəhərlərdə antitteror əməliyyatına başlanıb. Bir neçə aydır aksiyanın davam etdiyi Maydanda keçirilən əməliyyat çoxsaylı ölümlə nəticələnib. Kiyevin mərkəzindəki binaların damına yerləşdirilən “Berkut” snayperləri aksiya iştirakçılarına atəş açıblar. Atəş nəticəsində ən azı 15 nəfər ölüb, 40-dan çox şəxs yaralanıb. Aksiyanın təşkilatçıları Maydana toplaşan insanları snayper atəşindən qorunmaq üçün barrikadaları tərk etməməyə çağırıb. Bundan başqa paytaxt sakinlərindən yaralılara dərman və qan yardımı göstərmək üçün səyyar hospitallara gəlmək xahiş olunub. Aksiyada çıxış edən Ali Radanın deputatları prezident Yanukoviçin göstərişi ilə Daxili Qoşunların əsgərlərinə döyüş silahı və döyüş patronları paylandığını bildiriblər. Deputatlar parlamentin hərbçiləri hərbi anddan xilas etdiyini və əmrə tabe olmamağın fərarilik sayılmayacağına dair qərar qəbul etdiyini xatırladıb və əsgərlərdən xalqa atəş açmamağı tələb ediblər. Maydanda baş verən toqquşmalar zamanı aksiya iştirakçıları 70 milis əməkdaşını girov götürüblər. Hazırda Maydanda 30 minədək aksiya iştirakçısının olduğu bildirilir. Kütləvi informasiya vasitələri öldürülən şəxslərin meyitlərini fotolarını yayıblar. Ümumilikdə rəsmi məlumata görə, iki gün ərzində Maydandakı toqquşmalarda ölənlərin sayı 40 nəfəri keçib, 445 yaralı var. 

Müəllif | Apa.Tv
Apa.tv