XALQ ARTİSTİ DƏFN OLUNDU

"Axırıncı dəfə nənəmlə görüşəndə onu çox sevdiyini deyib, məni nə qədər istədiyini soruşdum. Dedi ki, bizi dəlicəsinə sevir. O, hamını dəlicəsinə sevirdi".

APA TV-nin xəbəbrinə görə, bunu fevralın 20-də dünyasını dəyişən xalq artisti Firəngiz Şərifova ilə vida mərasimində ailə üzvlərinin adından danışan nəvəsi, müğənni Eldar Qasımov deyib. O, aktrisanın ölümünü həm də Azərbaycan incəsənətinə böyük bir itki kimi qiymətləndirib.

Xalq artistləri Abbas Mirzə Şərifzadənin və Mərziyə Davudovanın ailəsinə dünyaya gəlməsi, onu teatr səhnəsinə gətirib çıxardı. İndi bütün sənət dostları, yaxınları,  vaxtı ilə birlikdə çalışdığı səhnə yoldaşları onunla vidalaşmaq üçün toplaşıb.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib ki, onun yaratdığı obrazlar, ana, bacı, xanım imicləri həmişə xatirələrdə yaşayacaq.

 

Xalq artistləri Azər Paşa Nemətov, Ağaxan Salmanov ,Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov aktrisa ilə bağlı xatirələrini bölüşüblər. Azərbaycanın aparıcı teatr ocaqlarında saysız rollar oynayan Firəngiz Şərifova milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə görə əməkdar artist, xalq artisti fəxri adlarına, 2009-cu ildə isə "Şöhrət" ordeninə layiq görülüb.

 

Aktrisa gənc yaşlarından başlayaraq, "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Qaraca qız" "Bir ailəlik bağ evi", "Bayquş gələndə", "Qərib cinlər diyarında", "Qətl günü" kino lentlərində müxtəlif rollara çəkilib.

 

Xalq artisti son mənzilə alqışlarla yola salınıb. Firəngiz Şərifova İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Müəllif | Apa.Tv