16 yaşlı OĞLUNU YANDIRAN ATAYA HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində 16 yaşlı oğlunun üstünə benzin tökərək yandıran Aydın Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən ataya hökm oxunub. Hökmə əsasən, A. Mehdiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
APA TV xəbər verir ki, hadisə ötən il sentyabrın 10-da Buzovna qəsəbəsində qeydə alınıb. Ailə üzvləri ilə mübahisə edən ata 1997-ci il təvəllüdlü oğlu Nəcməddin Əsgərovun üstünə benzin tökərək onu yandırıb. Yanıq xəsarətləri almış Nəcməddin xəstəxanaya yerləşdirilsə də, 4 gün sonra ölüb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən N.Əsgərovun atası Aydın Mehdiyev tutulub. Təqsirləndirilən şəxs hadisəni əsəblərini cilovlaya bilmədiyindən törətdiyini deyib.