KİYEVDƏ FÖVQƏLADƏ VƏZİYYƏT TƏTBİQ OLUNACAQ, HAKİMİYYƏT ZƏİFLƏYİR

Yaxın saatlarda Kiyevdə fövqəladə vəziyyət rejimi tətbiq oluna bilər. Bu barədə Maydanda Müqavimət Hərəkatına rəhbərlik edən şəxslər mitinqdə çıxış zamanı deyiblər. Onlar kütləvi informasiya vasitələrini Maydana fotoqraf və operatorlar göndərməyə səsləyiblər. Prezident Yanukoviç isə yaranmış böhrandan çıxış yollarını Almaniya, Fransa və Polşanın xarici işlər nazirləri ilə müzakirə edir. Görüş 5 saata yaxın davam edib. Kiyev sakinləri isə şəhəri kütləvi şəkildə tərk etməyə başlayıblar. Yanvarın sonunda prezidentin sərəncamı ilə Kiyev şəhər administrasiyasının rəhbəri təyin olunan Vladimir Makeyenko hakim Regionlar Partiyasından istefa verib və paytaxt sakinlərinin təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürüb. SİTAT: “Xalqa qarşı hücumlardan bir oliqarxın, bir siyasətçinin burnu belə qanamayıb, mən isə Kiyev administrasiyasının rəhbəri kimi onlarda sadə insanı dəfn etməklə məşğulam”. Makeyenko deputatları partiya mənsubiyyətindən asılı olmayaraq silahlı qarşıdurmanın qarşısını almaq üçün Maydana gələrək hərbçilərlə sadə vətəndaşlar arasında canlı sipər yaratmağa çağırıb.  Artıq hakim Regionlar Partiyasının onlarla deputatı Ukrayna xalqına dəstək bəyanatı qəbul ediblər. Onlar parlamentin növbədənkənar sessiyasının çağırılmasını və ölkədə prezident-parlament idarəetməsinin bərpası tələbini irəli sürüblər.

 

Qeyd edək ki, bu gün Maydanda snayperlərin açdığı atəş nəticəsində 15-dən artıq şəxs həlak olub, onlarla insan yaralanıb. Bununla da iki gündə aksiyaların yatırılması zamanı ölənlərin sayı 40-a çatıb. Yaralıların sayının isə 500 nəfəri keçdiyi bildirilir. 

Müəllif | Apa.Tv
Apa.tv