Bakıda sürüşmə təhlükəsi - NAZİRLİKDƏN XƏBƏRDARLIQ
Suraxanı rayonu Zığ qəsəbəsinin sakinləri təhlükəyə məruz qalıblar. Ərazidə torpaq sürüşməsi aktivləşib, evlərdə çatlar o həddə çatıb ki, artıq burda yaşamaq mümkünsüz olub. Evlər döşəməsindən tutmuş tavanınadək yararsız haldadır. Divarlardakı çatların uzunluğu bir metri keçib.
Sakinlərdən Natiq Süleymanov deyir ki, evlərdə gecələmək mümkün deyil.
Sakinlərin sözlərinə görə, əlaqədar qurumların nümayəndələri əraziyə gələrək mühəndislərlə birgə araşdırma aparıblar. İcra nümayəndələri sakinlərə deyib ki, sürüşmə zonasında yerləşən evlərin əhalisi Nazirlər Kabinetinin müvafiq qərarından sonra köçürüləcək.
Sakinlərdən Rəfiqə Həsənova aidiyyatı təşkilatlara müraciət edildiyini söyləyib.
Mütəxəssislər hava şəraitinin yağıntılı olacağı təqdirdə bu ərazidə sürüşmənin intensivləşəcəyini ehtimal edirlər.
"Zığ sürüşmə sahəsində həm texnogen, həm də antropogen fəaliyyət , eyni zamanda fəsil dəyişmələri , sahədə aktivləşməyə səbəb olub".
Bunu APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib: "Bakı şəhərində, Abşeron yarmadasında hazırda ən təhlükəli zona Zığ sürüşmə sahəsidir. Zığ sürşmə sahəsi əhalinin ən sıx yaşadığı yerdir. 92 fərdi yaşayış evinin təcili köçürülməsi vacibdir".
Sadiq Əmiraslanov həmin yamacda 79 yaşayış binasının olduğunu, bunlarında 78-nin sürüşməyə meyilli sahədə yerləşdiyini deyib.
Sadiq Əmiraslanovun sözlərinə görə, qarın əriməsi bəzi sürüşmə sahələrində təhlükəli vəziyyət yaratmaya bilər. Lakin bəzi ərazilərdə qar əriməsi zamanı sürüşmə prosesinin aktivləşməsi də mümkündür.
Nazirlik rəsmisi deyir ki, respublika ərazisində olan sürüşmə sahələrinin 50 faizindən çoxunda aktivlik texnogen- antropogen amillər səbəbindən baş verir .
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nünayəndəsi bildirir ki, onların qurumu fərdi yaşayış evlərinin tikintisinə rəy vermir: "Amma vətəndaşlar arasında tikinti apararkən fərdi şəkildə nazirliyə müraciət edənlər də olur".
O ki qaldı Azərbaycanın sürüşməyə və uçquna daha çox meylli olan bölgələrinə, Sadiq Əmiraslanov deyib ki, Lənkəran-Lerik avtomobil yolunun 17-ci km-dən 53-cü kilometrliyinə qədər olan yol buna misal ola bilər: "İndi sürüşmə sahələri əsasən, yollarda olur. Amma ciddi təhlükə yoxdur".
Mütəxəssis hesab edir ki, sürüşmənin ən çox aktivləşdiyi mövsüm yaz fəslidir. Elə buna görə də gələn həftənin ilk günlərinədən ölkədəki mövcud sürüşmə sahələrində monitorinqin aparılması nəzərdə tutulur.
Xatırladaq ki, adıçəkilən ərazidə son bir neçə ildə sürüşmə prosesinin aktivləşməsi müşahidə olunur. Bunun nəticəsində, Zığda artıq 100-ə yaxın fərdi ev və 2 bina qəzalı vəziyyətə düşüb.
Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Bərxudar Bərxudarov isə bidirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Kəşfiyyatı idarəsi ilə birgə fərdi evlərin vəziyyəti haqda rəylər hazırlayıb: “Əgər Nazirlər Kabinetinin fərdi evlərin sökülməsi haqda qərarı olarsa, biz onun icra edəcəyik“.