Kİyevdə toqquşmalarda ölənlərin sayı 75-ə çatıb, MƏMURLARIN ÖVLADLARI ÖLKƏDƏN QAÇIR
Kiyevdə fevralın 18-dən başlayan toqquşmalar nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb. Bu barədə məlumatı Ukraynanın Səhiyyə Nazirliyi yayıb. 500-dən çox adamın yaralandığı bildirilir. 76 yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
Ukrayna parlamenti qanlı nəticələr verən silahlı əməliyyatı pisləyən bəyanat qəbul edib. Ali Rada Ukrayna Təhlükəsizlik Xidmətinin elan etdiyi antiterror əməliyyatının davam etdirilməsinə qadağa qoyub. Bu barədə qərarın lehinə parlamentin iclasında iştirak edən 238 deputatdan 236-sı səs verib. Ali Radanın qətnaməsində deyilir ki, Ukrayna Təhlükəsizlik Xidməti, DİN və başqa güc strukturları ölkə vətəndaşlarına qarşı güc istifadə edilməsinə dərhal son qoymalıdır. Qərara görə, ordu və Daxili Qoşunların hissələri dərhal daimi dislokasiya yerlərinə qayıtmalıdırlar.
Bu arada Ukraynanın vəzifəli şəxslərinin və ailələrinin ölkədən qaçmağa başlaması barədə məlumatlar yayılıb. Məlumata görə, Kiyevin "Julyanı" hava limanından 64 xüsusi təyyarə reysi müxtəlif istiqamətlərdə uçub. Ali Radanın deputatı Oleq Lyaşko isə iddia edib ki, prezident Viktor Yanukoviçin oğulları da ailələri ilə birlikdə Ukraynanı tərk ediblər. Lakin prezidentin mətbuat xidməti bu məlumatı təkzib edib və Viktor Yanukoviçin övladlarının Ukraynada olduğunu bildirib.
Yanukoviç hakimiyyəti üçün daha bir arzuolunmaz xəbər Brüsseldən gəlib. Avropa Birliyinin Xarici İşlər Nazirləri Şurası Ukraynaya qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib. Sanksiyalar bir neçə məmura viza məhdudiyyətlərinin qoyulmasını və bank hesablarının dondurulmasını nəzərdə tutur. Şura üzvləri həmçinin repressiya məqsədilə hərbçi və polis tərəfindən istifadə edilə biləcək xüsusi təyinatlı avadanlıqların Ukraynaya ixracının dayandırılmasına da qərar verib.
ABŞ-ın vitse-prezidenti Cozef Bayden də Ukrayna prezidenti Viktor Yanukoviçlə telefon danışığında Birləşmiş Ştatların ukraynalı məmurlara qarşı sanksiya tətbiq etməyə hazırlaşdığını bildirib. O, Ukraynanın dövlət başçısını xüsusi təyinatlı dəstələri Kiyevdən çıxarmağa çağırıb.