BAYILDA UÇQUN: doqquzmərtəbəli binanın fasadı çökdü
Bayıl qəsəbəsinin Aydın Məmmədov küçəsində yaşayan 13 ailə gecəyarısı səsə oyanıb. Məlum olub ki, qonşuluqdakı doqquzmərtəbəli binanın fasadı uçub.
APA TV-nin xəbərinə görə, hadisə Aydın Məmmədov küçəsi 65 ünvanında qeydə alınıb. Bu ünvanda 13 mənzil yerləşir. Sakinlərin sözlərinə görə, yaxınlıqdakı doqquzmərtəbəli binaya iki il əvvəl üzlük vurulub. Ötən gecə əsən külək binanın üzlüyünün böyük bir hissəsini qoparıb və qopan hissə həyətə düşüb.
Sakinlər gecəni küçədə keçirməli olublar. Buna həm qorxu səbəb olub, həm də bəzi mənzillərin qapısını qopan üzlüyün hissələri tutduğundan içəri girmək mümkün olmayıb.
Zərərçəkən ailələr gecə saatlarında Səbail rayon İcra Hakimiyyətinə məlumat veriblər. İcra Hakimiyyətinin məsul növbətçisi APA TV-yə bildirib ki, bu gün əlaqədar qurumların nümayəndələrinin hadisə yerinə baxış keçirəcəyi gözlənilir. Dəymiş ziyan hesablanacaq və atılacaq addımlarla bağlı qərar daha sonra veriləcək.