Qobustanda xeyli silah-sursat partladıldı

Qobustan rayonu ərazisindən tapılan silah-sursat yerində partladılıb. Silah-sursat Bakı-Şamaxı-Yevlax yolunun 80-ci kilometrliyində, magistral yoldan 40 metr aralıda, Qobustan rayonunun Şıxzərli kəndi ərazisindən tapılıb. Çoban ərazidə partlayıcı maddələrin olması barədə FHN-nin qaynar telefon xəttinə məlumat verib. Əraziyə baxış keçirən ANAMA-nın əməkdaşları oradan bir ədəd F-1 əl qumbarası, 10 ədəd F-1 əl qumbarası başlığı, 2 ədəd tank əleyhinə əl qumbarası aşkar edərək götürüblər.

 

APA TV-nin xəbərinə görə, bu silah-sursat torpağın üstündən taplıb. Torpaqda yaranan yarğanın içərisində isə daha çox partlayıcının olduğu müəyyən edilib və həmin silah-sursatın oradan çıxarılması təhlükəli olduğu üçün yerində partladılması qərara alınıb. Tapılan partlayıcı maddələrin magistral avtomobil yoluna yaxın olduğu nəzərə alınaraq ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Ötən axşam silah-sursat partladılarkən ərazidə postlar qurulub, yolda avtomobillərin hərəkəti yarım saatlıq dayandırılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov