Gəncədə müəmmalı ölüm: 67 YAŞLI QADINI ÖLDÜRÜB, EVİNƏ OD VURDULAR
Gəncədə yaşayış evində müəmmalı ölüm hadisəsi baş verib. Şəhərin Dədə Qorqud küçəsindəki 30 saylı binanın 35-ci mənzilində yanğın olub. Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb edilib. Yanğınsöndürənlər alovun qarşısı alsalar da, mənzildən 67 yaşlı İsmayılzadə Maral Yusif qızının meyiti aşkarlanıb.
APA TV-nin xəbərinə görə, qadının yanğın nəticəsində dünyasını dəyişməsi ilə bağlı şübhələr meydana çıxıb. Orta məktəbdə müəllim işləyən Maral İsmayılzadənin ölümündə cinayət izinin olduğu ehtimal olunur. Belə ki, qadın öldürüldükdən sonra mənzilə qəsdən od vurulduğu güman edilir. Gəncə şəhər Prokurorluğunun və Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Meyit müayinə edilmək üçün morqa aparılıb. Hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, Maral İsmayılzadənin ölümünün səbəbi məhkəmə-tibb ekspertizasının rəyindən sonra məlum olacaq.