Mingəçevirdə eyni MAĞAZA 3-CÜ DƏFƏ QARƏT EDİLİB

Mingəçevir şəhərində sahibkar mağazasından oğurluq edilib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Əliağa Vahid küçəsində yerləşən ərzaq mağazasında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər gecə saatlarında Gülər Nəbiyevaya məxsus mağazanın qapısını sındıraraq, içəri daxil olub və oradan dəyəri 3 min manata yaxın olan ərzaq mallarını oğurlayıblar. Mağaza sahibinin sözlərinə görə, 3-cü dəfədir ki, onun ərzaq mağazası nəməlum şəxslər tərəfindən qarət edilir. Bundan əvvəlki oğurluq hadisələri zamanı isə mağaza sahibinə 2100 manata yaxın maddi ziyan dəyib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Hər üç oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.      

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov