Maydanda öldürülənlər bu gün torpağa tapşırılacaq - PREZİDENTLƏ DANIŞIQLAR NƏTİCƏSİZ QALDI

SON DƏQİQƏ

Yanukoviç qərar verdi: Növbədənkənar seçkilər, parlamentli respublika, milli etimad hökuməti!

 

Viktor Yanukoviç növbədənkənar prezident seçkilərinin keçirilməsinə razılıq verib. APA TV-nin məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Prezident həmçinin səlahiyyətlərin böyük hissəsinin parlamentə verildiyi idarə üsulunu nəzərdə tutan 2004-cü il Konstitusiyasının yenidən qüvvəyə minməsini təklif edib. Bundan başqa Yanukoviç ölkədə milli etimad hökuməti qurulması proseduruna başlamağı təklif edib. SİTAT: “Ukraynanın ağır itkilər verdiyi, barrikadaların hər iki tərəfindən insanların öldüyü bu faciəli günlərdə vəfat edənlərin ruhu qarşısında baş əyərək bu sözləri bəyan etməyi özümə borc bilirəm - İnsan həyatından vacib heç nə ola bilməz”.

 

Xatırladaq ki, prezident bu bəyanatı Almaniya və Polşanın xarici işlər nazirləri, müxalifət liderləri və Rusiya prezidentinin xüsusi nümayəndəsinin iştirakı ilə keçirilən görüşdən sonra verib.

 

Ukraynada son 3 gündə baş verən qanlı toqquşmalarda 77 nəfər ölüb, 550 nəfər yaralanıb.

 

*******

Maydanda atışma və partlayış səsləri dayanıb, gecə sakit keçib. Aksiya iştirakçılarının sosial şəbəkələrdə yaydıqları məlumata görə, güc strukturları ilə qarşıdurma səngiyib. İki gün ərzində snayper atəşi ilə öldürülən 75 nəfər bu gün torpağa tapşırılacaq. Meyitlər Maydandan Ukraynanın dövlət himninin sədaları altında aparılıb. Öldürülən şəxslərin siyahısı artıq açıqlanıb, onlardan 11 nəfəri milis əməkdaşı, 68 nəfəri aksiya iştirakçısıdır.

 

Böhranın nizamlanmasına dair danışıqlar isə hələ də davam edir. Viktor Yanukoviçin Almaniya, Fransa və Polşa xarici işlər nazirləri ilə 8 saat davam edən görüşü başa çatsa da, iştirakçılar danışıqların mahiyyəti barədə məlumat verməyiblər. Polşa xarici siyasət idarəsinin rəhbəri Radoslav Sikorski yalnız onu bildirib ki, danışıqlar bu gün davam etdiriləcək. Prezidentlə görüşdə iştirak edən müxalifət liderləri Yatsenyuk, Tyaqbinok və Kliçko da danışıqların mahiyyətini açıqlamayıblar. Danışıqlarda Rusiya səfiri Mixail Zurabov və Putinin Kiyevə göndərdiyi insan haqları üzrə müvəkkil Vladimir Lukin də iştirak edib. Prezident administrasiyasını son tərk edən də Rusiya səfiri olub.

 

Müəllif | Apa.Tv
Apa.tv