“Fövqəladə hallarda özünü necə aparmalı” - TƏLİM
Nərimanov rayonu 291 saylı Ekoloji liseydə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib.
APA TV-nin xəbərinə görə, ekoloji liseyin direktor əvəzi Afər Əliyeva FHN-in fövqəladə halların aradan qaldırılması sahəsində respublika miqyasında genişmiqyaslı işlər gördüyünü bildirib.
FHN Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin rəisi - idarə rəisinin müavini polkovnik-leytenant Vaqif Teymurov nazirliyin fəaliyyət istiqamətləri və struktur qurumları barədə danışıb. O, hər bir kəsin hər zaman fövqəladə hallarla rastlaşa biləcəyini söyləyib.
Regional Mərkəzin Statistika sektorunun baş məsləhətçisi Fərid Məmmədhüseynov fövqəladə halların təsnifatından söz açıb. Operativ məlumat şöbəsinin baş zabiti, baş leytenant Pərviz Əliyev isə kollektiv mühafizə vasitələri barədə məlumat verib. O, radiasiya əleyhinə daldalanacaqlardan istifadə qaydalarını açıqlayıb.
Mərkəzinin təşkilati səfərbərlik bölməsinin baş zabiti, baş leytenant Toğrul Vəliyev 291 saylı məktəbin şagirdi ilə birlikdə fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumat verib.
Tədbir çərçivəsində məktəbin müəllim və şagird heyətinə müxtəlif fövqəladə hallar zamanı necə davranılması barədə bilgilər verilib. FHN-in istifadəsindəki avadanlıqlar nümayiş olunub.