Əli Həsənov: "Bu ləkəni aradan qaldırmaq üçün etiraf eləməlidirlər..."
"Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı 200 ildən çox məqsədyönlü şəkildə həyata keçirdiyi siyasətin ən faciəli səhifəsi idi".
APA TV-nin xəbərinə görə, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Xocalı soyqırımını dünya ölkələri, tanınmış beynəlxalq qurumlar, ABŞ-ın 20-ə yaxın ştatı tanıyır. Türkiyə parlamenti Xocalı soyqırımını qətliam kimi dəyərləndirilib: “Bilirsiniz ki, Türkiyənin soyqırım məsələsində dünya ictimaiyyəti ilə problemləri var, xüsusilə ermənilərin yüz ilə yaxındır, apardığı antitürk kampaniya çərçivəsində 1915-ci ildə guya ermənilərə qarşı Anadolu torpaqlarında həyata keçirilmiş soyqırımı tanıtmaq istiqamətində apardığı qondarma kampaniya Türkiyə hökumətini müəyyən qədər problem qarşısında qoydu. Ona görə də Türkiyə hökuməti açıq-aşkar Xocalı soyqırımına bir bəşəri soyqırımı hadisəsi kimi hələ hüquqi qiymət verməyib, lakin Türkiyə parlamentində hər il Xocalı soyqırımı müzakirəyə çıxarılır və qətliam kimi ona qiymət verilir".
O bildirib ki, bu günlərdə Uşak şəhərində Xocalı soyqırımı ilə bağlı yeni abidə ucaldılıb. Əli Həsənov vurğulayıb ki, Ermənistan xalqını cinayətkar xalq kimi elan etmək olmaz. Ölkənin rəhbərliyində duran şəxslər, separatçı ünsürlər bu xalqın alnına həmişəlik bu ləkəni yazıblar: “Bu ləkəni aradan qaldırmaq üçün, onlar etiraf eləməlidirlər, Azərbaycan torpaqlarından çəkilməlidirlər, Xocalı soyqırımı qurbanları qarşısında üzr istəməlidirlər və tövbə eləməlidirlər ki, bir daha belə hadisələrə əl atmayacaqlar. Bu xalqla biz neçə əsrdir, bir regionda yaşayırıq və bundan sonra da yaşayacağıq. Nə ermənilər, nə azərbaycanlılar Cənubi Qafqazı tərk edəcəklər".
Şöbə müdiri qeyd edib ki, bu hadisə ilə bağlı Azərbaycan hökumətinin vahid siyasəti var.