Bakıda "Xocalıya ədalət” kampaniyası çərçivəsində II beynəlxalq konfrans keçirilir
Bakının Qaradağ rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı II beynəlxalq konfrans başlayıb. APA TV-nin xəbərinə görə, konfransda çıxış edən Prezidenti Administrasiyasının ictimai-siyasi məslələr şöbəsinin müdiri Əli Həsənov Xocalı soyqırımı barədə iştirakçılara məlumat verib, soyqırımı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. Ə. Həsənov çıxışında 1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələrinə də toxunub. O deyib ki, bir neçə il əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Avropa Parlamentində çıxış edərkən Xocalı hadisəsinin qisas məqsədilə törədildiyini söyləyib.
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, Xocalı soyqırımı dünyanın ən dəhşətli faciələrindən biridir. Keçmiş Sovet İttifaqına daxil olan 15 ölkə arasında müstəqillik qazandığına görə ən böyük faciəni Azərbaycan dövləti yaşayıb.
Moldova ombudsmanı Aureliya Qriqoriu bəyan edib ki, insanlığa qarşı cinayət olan Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir. O hesab edir ki, XX əsrin ən ağır cinayətlərindən olan Xocalı soyqırımını törədənlər beynəlxalq Haaqa məhkəməsi qarşısında mühakimə olunmalıdır.