BDU-nun rektoru: "180 TƏLƏBƏ KƏSİRƏ GÖRƏ PUL ÖDƏMƏLİDİR"

"Bakı Dövlət Universitetinin 3200-ə qədər tələbəsinin akademik borcu var. Onlardan 180 tələbə kəsirlərə görə universitetə ödəniş etməlidir. Ödəniş təxminən 20-40 manat arasında dəyişir. BDU-nun büdcəsi üçün bu elə böyük məbləğ deyil. Ona görə də belə bir ajiotajın yaranmasına gərək yoxdur".

APA TV-nin xəbərinə görə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov universitetin bir qrup tələbəsinin kredit sisteminə edilən dəyişikliklərə etirazına münasibət bildirərkən belə deyib: "Bakı Dövlət Universiteti dövlətin ali təhsil müəssisədir. Burada nə tələbələrdən artıq ödəniş haqqı tələb etmək olar, nə də qanundan kənara çıxmaq. Əgər ödənişi həyata keçirməsə, dövlətin müvafiq strukturları yoxlayarkən deyəcək ki, dövlətin qərarını niyə vaxtında icra etmirsiniz? Əgər Nazirlər Kabinetinin qərarını pozarıqsa, buna qarşı biz məsuliyyət daşıyırıq. Hər bir anda düşünürük ki, prosesi tələbənin xeyrinə yönəldək”.

Rektor onu da qeyd edbi ki, tələbələr akademik borca qaldıqda kredit götürə bilirlər. Bu kreditləri tələbələrin həm alt qrupdan, həm də üst qrupdan götürmək imkanları var. Belə olan halda, rektorun sözlərinə görə, bəzi kateqoriyalı tələbələr ödəniş həyata keçirməlidir, bəzilərinin isə ödəniş etməsinə ehtiyac yoxdur. Qanunvericiliyə uyğun olaraq, tələbənin 30 kreditə kimi ödənişsiz təhsil almaq hüququ var. Əgər bu hədd 30 dan yuxarı olarsa, Abel Məhərrəmov deyir ki, o zaman əlavə vəsait ödənilməlidir.

Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının və təhsil nazirinin əmrlərinin icrası ilə bağlı BDU-da tələbələrlə görüş keçirilib. Görüşdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Piriyev, təhsil nazirinin müşaviri İlham Pirməmmədov və digər nümayəndələr iştirak edib.
 

Müəllif | Apa.Tv