200 yaşlı yeraltı hamam, həbsxana va ya pendir sexi - REPORTAJ

Xalqın keçmişi onun gələcəyinin bünövrəsidir. Ona görə də zaman keçdikcə, keçmişimiz bir az da qiymətli olur. Tarix dəyişir və ötən illərdən bizə sadəcə yadigarlar qalır. Göyçayda yerləşəm qədim yeraltı hamam məhz belə yadigarlardandır. Deyilənə görə, vaxtilə Göyçaylı Həzrət bəy Ağazadə bu hamamı öz qızı üçün cehizlik tikdirib. APA TV-nin xəbərinə görə, tarixçi Əkbər Əlioğlu deyir ki, bu hamam insanlar üçün həm də görüş yeri olub: "Qadınlar gəlib qohum-əqrəbası ilə tapışardılar. Problemlərini yeri gələndə burda həll edərdilər. Bəzən oğullarına qızları da burda seçərdilər".

 

Bu unikal yeraltı hamam Göyçay şəhərinin 4 əsas hamamından biri olub. Onun binası Göyçay şəhərinin mərkəzində memarlıq cəhətdən diqqəti cəlb edən ən qədim tikilidir. Nəzərə alsaq ki, bu abidənin əsas hissəsi 2 metr dərinlikdə yerləşir, Yeraltı hamamdan istifadə zamanı əmələ gələn çirkab suların hara axıdıldığı çox maraqlıdır...

 

Kvadrat şəklində olan bu tikilinin 3 böyük, oval quruluşlu salonu var. Salonlardan ikisi qadınlar, biri isə kişilər üçün nəzərdə tutulub. Bundan başqa, hamamda bir neçə tək adamlıq otaqlar da mövcud olub: "Ümumiyyətlə, 60-a yaxın adam burda eyni vaxtda yuyuna bilərdi. Mənim yadıma gəlir, uşaq vaxtı biz gəlib kişi hamamında o qədər çimərdik ki..."

 

XIX əsrdə tikilmiş kompleks memarlıq baxımından da şəhərdəki başqa abidələrdən xeyli fərqlənir. Hamamın bir özəlliyi də budur ki, içəridə ümumi istilik sistemi olmasa da, qış vaxtı onun döşəməsi çox isti olub. Deyilənə görə, hamamın ocaqxanasında həm su qızdırılır, həm də orada yaranan isti hava döşəmənin altındakı kameralar vasitəsiylə hərarəti bütün tikiliyə yayırdı: "Bu döşəmədən aşağıda boşluq var. Axar sular axıb gedərkən döşəməni qızdırırdı və içərini isidirdi. Hətta o dərəcədə isidirdi ki, yuxarıdan buxar damcıları tökülürdü".

 

Maraqlıdır ki, ötən əsrin 30-40-cı illərində bu hamamdan həbsxana kimi istifadə edilib. İkinci dünya müharibəsindən sonra isə burda pendir sexi olub. 1958-ci ildə bina yenidən təmir edilərək, birbaşa təyinatı üzrə, hamam kimi istifadəyə verilib. Hal-hazırda bina istifadə olunmur.

 

Qeyd edək ki, abidə dövlət tərəfindən qorunmasına baxmayaraq, hazırda çox baxımsız vəziyyətdədir. Binanın təmirə ehtiyacı var.

 

Rayon mədəniyyət və turizm şöbəsindən APA TV-yə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri bu yaxınlarda Göyçaya gələrək, abidənin vəziyyəti ilə tanış olublar. Yaxın zamanlarda həmin abidədə təmir-bərpa işlərinin başlanacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov