Səlim Müslümov: "Bu qadın min kişiyə dəyər..."

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt sakinləriylə görüşüb. APA TV-nin xəbərinə görə, görüşdə şikayətçilər dinlənilib. Sağalmaq arzusu ilə nazirə müraciət edən Aişəyə çoxdan gözlədiyi əlil arabası verilib. Səlim Müslümov onun müalicəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

 

Nazirlə görüşdə Sumqayıt, Qubadlı, Abşeron, Xızı rayonlarının sakinləri iştirak edib. Ümumilikdə, 120 nəfərdən çox vətəndaşın müraciəti dinlənilib. Müraciətlərin əksər qismi dövlət hesabına mənzil və minik avtomobilləri, reabilitasiya vasitələri ilə, münasib işlə təmin olunma, bərpa müalicəsinə köməklik göstərilməsi, ünvanlı dövlət sosial yardımının ayrılması və əlillik dərəcələrinin verilməsi kimi məsələlərə aid olub.

 

"Azərbaycanda 4500-ə yaxın əlil arabasından istifadə edən şəxs var. Bizə büdcədən 301 min manat vəsait ayrılıb. Biz elə əlil arabası istəyirik ki, 3-4 il davam etsin. Amma Çin istehsalı olan arabalar heç 6 ay da davam etmir".

 

Səlim Müslümov bildirib ki, bundan sonra ölkəyə yalnız Avropa istehsalı olan arabalar gətiriləcək.

 

Qəbul zamanı minik avtomobili almaq üçün növbədə olan əlillərə cari il ərzində avtomobil ala biləcəkləri, mənzil növbəliliyi siyahısında olan imtiyazlı vətəndaşlara isə yaşadıqları ərazidə əlil və şəhid ailələri üçün tikiləcək yaşayış binalarında mənzillə təmin olunacaqları bildirilib.

 

Hər bir müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə araşdırılıb və vətəndaşların qaldırdıqları məsələlərin obyektiv və ədalətli şəkildə həll olunması üçün müvafiq tədbirlər görülüb. Nazir vətəndaşlarla münasibətlərində süründürməçilik hallarına yol verən əməkdaşların cəzalandırılmasını tapşırıb.

 

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlərisə  müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv