Zaqatalada POLİSİ MAŞIN VURDU
Zaqatalada polis əməkdaşını maşın vurub. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon sakini Babayev Baba idarə etdiyi "VAZ 2106" markalı "10 RE 206" dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1970-ci ildə Bərdə rayonunda anadan olmuş, hazırda Zaqatalada yaşayan Sadıqov İlqar Məhəmməd oğlunu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İlqar Sadıqov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, İlqar Sadıqovun hazırda vəziyyəti orta-ağır hesab olunur. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, qəza nəticəsində xəsarət alan piyada Zaqatala rayon Polis Şöbəsinin təhqiqat bölməsinin zabitidir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təhqiqat və istintaq bölməsində araşdırma aparılır.