Qaxda GÜCLÜ YANĞIN
Qaxda güclü yanğın baş verib. Hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin "Qanlı qobu" adlanan ərazidə baş verib. APA TV-nin xəbərinə görə, havanın küləkli olması səbəbindən yanğın qısa müddətdə genişlənərək qonşu Şəki rayonunun Biləcik kəndinin inzibati ərazisinə də keçib. Əraziyə FHN-nin Qax rayon DYMX-nin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi ilə birlikdə Şəki rayonundan da yanğınsöndürən maşını cəlb edilib.
Ərazidə baş verən yanğın nəticəsində ümumilikdə 20 hektar sahədə quru ot və kol-kos yanıb. Yanğının daha da genişlənərək, sakinlərin fındıq bağlarına və meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Fakla bağlı FHN-nin Qax və Şəki rayonlarının DYMX-də araşdırma aparılır.