MÜXALİFƏT KİYEVİN MƏRKƏZİNİ NƏZARƏTƏ GÖTÜRDÜ

“Xalq özünümüdafiə” dəstələri Kiyevin mərkəzini nəzarət altına alıb. Özünümüdafiə dəstələri Ali Rada və Nazirlər Kabinetinin binalarını təxribatçı və soyğunçulardan qoruyur, habelə Qruşevski küçəsini Zabitlər evindən

 

Avropa meydanınadək nəzarətdə saxlayır.  

Hazırda Kiyevin mərkəzində vəziyyət sabitdir, Maydanda mitinq davam etməkdədir.

 

Bundan əvvəl müxalifətin liderləri İstiqlal meydanında çıxış edərək etirazçılardan “hökumət kvartalı”nda nizam-intizamı qorumağa çağırıblar. 

 

Fevralın 22-nə keçən gecə Dnepropetrovs şəhərində dünya proletariatının rəhbərinin heykəli aşırılıb.  Ukraynada kütləvi aksiyaların iştirakçıları sutka ərzində Vladimir Leninin üç abidəsini uçurub-dağıdıblar.

 

APA TV-nin xəbərinə görə, bu arada Ukraynada Ali Radaya prezidentin impiçmenti haqqında qanun layihəsi daxil olub. Sənədi hakim Regionlar Partiyasının fraksiya üzvü, Ukrayna Sosialist partiyasının sədri Nikolay Rudkovski təqdim edib. Qanun layihəsinin təfsilatları Ali Radanın saytında göstərilməyib.

 

Fevralın 18-də Ukraynada müxalifətlə güc strukturları arasında toqquşmalarda, rəsmi məlumatlara görə, 77 nəfər ölüb, 600 nəfər xəsarət alıb. Ukrayna Prezidenti Viktor Yanukoviç fevralın 22 və 23-nü matəm günü elan edib.Yanukoviç bu barədə fərman verib.

 

Müəllif | Apa.Tv
Apa.tv