“Atletiko Madrid” iki oyuna qara sarğıyla çıxacaq - XOCALI FACİƏSİ
Madridin “Atletiko” futbol komandası İspaniya çempionatının növbəti turlarında “Osasuna” və “Real Madrid”lə görüşlərə qara sarğı və yaxalarında matəm lenti ilə çıxacaq. APA TV-nin xəbərinə görə, bu barədə klubun rəsmi saytında bildirilib.
Bununla da “Atletiko”Xocalı faciəsi qurbanlarının xatirəsini yad edəcək: “Azərbaycan xalqı ilə sıx münasibətlərimizin nəticəsi olaraq, “Atletiko” azərbaycanlıların Xocalı faciəsi ilə bağlı dərdinə şərik olmaq istəyir. “Osasuna” və “Real Madrid”lə qarşıdakı oyunlarda əsas komandamızın oyunçuları qara sarğı və “Azerbaijan Land of Fire” loqosunun üzərində matəm lenti taxacaqlar. Bu addımı fevralın 26-da 22 yaşı tamamlanan faciə qurbanlarının ailələri ilə həmrəylik əlaməti kimi atırıq”- deyə xəbərdə qeyd olunub.
Klubun Türkiyədən olan legioneri Arda Turan və daha bir neçə oyunçusu Xocalı soyqırımını pisləyən və dünyada sülhü dəstəkləyən videoçarxlar da hazırlayıb. Həmin videoçarxlar klubun saytında yerləşdiriləcək.
Fevralın 23-də İspaniya çempionatının 25-ci turu çərçivəsində “Osasuna”nın qonağı olacaq “Atletiko” martın 2-də “Real Madrid”i qəbul edəcək.