Fəttah Heydərov: "Xocalı faciəsi təkcə bir xalqa qarşı törədilmiş soyqırımı deyil"
Azərbaycan Ağsaqqallar Şurası “Xocalıya ədalət! - Xocalı faciəsini anaraq” adlı tədbir keçirib. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Şuranın sədri Fəttah Heydərov bildirib ki, Azərbaycanın yaxın keçmişinin faciəli səhifələrindən biri olan Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə törədilmiş cinayətdir. Onun sözlərinə görə, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq və ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi: "Xocalı soyqırımı ölkəmizin tarixində yaddan çıxmayacaq dəhşətli faciədir. Bu faciə təkcə bir xalqa qarşı deyil, insanlığa zidd olan ümumi bəşəri məsələlərdən, əxlaqdan, etikadan olan insanların törətdiyi ağır bir ümumi bəşəri faciədir. Xocalı faciəsi bundan əvvəl baş verən soyqırımların demək olar ki, ən dəhşətlisi idi".
O bildirib ki, bu cinayəti törədənlərin cəzalandırılması, azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı aktı barədə beynəlxalq ictimaiyyətin məlumatlanması ölkəmiz üçün prinsipial önəm daşıyır. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları səviyyəsində görülən işlər çərçivəsində isə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
Daha sonra çıxış edən Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Zahid Qaralov isə çıxışında işğalın fəsadlarının aradan qaldırılması ilə bağlı əməli fəaliyyətə keçilməsini təklif edib. O bildirib ki, cinayət cəzasız qalmamalıdır. Tədbirdə iştirak edən şuranın üzvləri Xocalı soyqırımı ilə bağlı öz fikirlərini bölüşüblər.