YANUKOVİÇ TAPILDI, Ali Radaya Timoşenkonun "sağ əli" gətirildi
Ukrayna prezidenti Viktor Yanukoviç hazırda Xarkovdadır. Bunu prezidentin məsləhətçisi Anna German deyib. Onun sözlərinə görə, prezident ölkənin cənub-şərq vilayətlərinin deputatlarının, həmçinin Krım və Sevostopol təmsilçilərinin növbədənkənar qurultayında iştirak etmək fikrində deyil. Anna German deyib ki, Yanukoviç Ali Radada qəbul edilən qanunları imzalayacaq.
Ukraynanın Xarkov şəhərində metronun "Marşal Jukov" stansiyasının yaxınlığında yerləşən "Turist" mehmanxanasının ətrafında "Avromeydan" hərəkatçıları toplaşıb. Müxalifət tərəfdarları burada aksiya keçirmək niyyətindədirlər. Məlumata görə, əraziyə avtobuslarla "Berkut"un əməkdaşları gətirilir.
Bu arada ABŞ-ın dövlət katibinin 1-ci müavini Uilyam Bernsin Kiyevə gələcəyi açıqlanıb. Ali Radanın vitse-spikeri Ruslan Koşulinski isə Regionlar Partiyasından daha beş deputatın istefa verdiyini bildirib. "Azadlıq" fraksiyasının təmsilçisi İqor Şvayka hüquq-mühafizə əməkdaşlarının kütləvi şəkildə müxalifət tərəfə keçdiyi barədə əlində faktların olduğunu bəyan edib.
APA TV-nin xəbərinə görə, Radada keçmiş sədr Vladimir Rıbakın istefası qəbul edilib,Ukrayna müxalifətinin tanınmış simalarından olan Aleksandr Turçinov yeni sədr seçilib. O, Yuliya Timoşenkonun “sağ əli” sayılır.