Kinoteatrlara maraq niyə azalıb? - REPORTAJ

Kinoteatrlar... Gərgin iş həftəsindən sonra istirahət üçün düşünülən məkanlardan biri... Son vaxtlar Bakıda kinoteatrların təmiri, onların müasir görkəmdə fəaliyyəti, habelə iri alış-veriş mərkəzlərində kino salonlarının istifadəyə verilməsi kinozallara da marağı artırıb. Böyük ekran... Yüksək səs... Qaranlıq zalda əyləşib diqqətlə film izləyən tamaşaçılar... Və bununla yanaşı, internet və televiziya texnologiyası... Amma deyəsən sonuncu iki amilin həyatımıza təsiri istirahətimizi bir az da məhdudlaşdırıb. Yəni evdə otur, internetlə təmas qur və televizora bax. Hər halda gənclər arasında keçirdiyimiz sorğunun nəticələri belə deməyə əsas verir. Onlardan bəziləri filmləri internetdən, bəziləri kinoteatrda izləməyə üstünlük verdiklərini dedilər. Əlavə məsrəf etmək istəməyənlər də oldu, vaxt azlığından şikayət edənlər də. Məsələyə münasibət və individual baxışlar fərqlidir. Evimizdən çölə çıxmadan dünyanın dörd bir guşəsini, sanki oradaymış kimi seyr edə bilirik. Getmədiyimiz yerləri, görmədiyimiz insanları, bilmədiyimiz mədəniyyətləri internet vasitəsi ilə tanıya bilmək imkanı tapırıq. Hətta sevdiyimiz filmləri belə internetdən izləyirik. Amma insanların zövqü bəzən onlarda ciddi psixoloji problemin təməlini qoyur. Psixoloq Aida Namazova  APAS TV-yə deyir ki, internetdən film və tamaşa izləmək yeniyetmələrdə sosial adaptasiya problemi yaradır. Real aləmdən bu şəkildə qopma insanların psixikasına mənfi təsiri ilə seçilir: "İnsanda şəxsiyyətin ikiləşməsi baş verir. Virtual aləmə qapanan insanlar real aləmdə özlərinə yer tapa bilmir. Bu bağlılıq insanlarda stress, depressiya kimi bir çox psixoloji problemlər yaradır. Çünki, bu bağlılıq ətraf mühitə uyğunlaşmanın qarşısı alır".

 

Psixoloq qeyd edir ki, bu kimi hallarla qarşılaşmamaq üçün filmləri və tamaşaları kinoteatrlarda izləmək məsləhətdir. Çünki insan bu kimi yerlərdə emosiyasını paylaşa bilir. Digərlərinin reaksiyasını görür. Bununla emosional balans tənzimlənir. Kinoteatra getməkdə məqsəd sadəcə film izləmək deyil, eyni zamanda mühit dəyişkənliyi və ünsiyyətin aktivləşməsidir.  Virtual aləmə meyl edən insanlarda emosiyalar çox zəif olur. Film və tamaşanı geniş kütlə ilə birgə izləmək isə sosial adaptasiya probleminin aradan qalxmasına ciddi təsir edir. Aida Namazovanın sözlərinə görə, vaxt azlığı, məhdud zaman çərçivələri olduğu halda virtual aləmin təklif etdiyi perspektivlər xüsusilə aktuallaşır. Bu isə bilavasitə insanlar arasında ünsiyyətə ciddi təsir edir. Psixoloq deyir ki, bu səbəbdən də evdə oturub heç kimlə ünsiyyət qurmadan film izləməyə indi daha çox üstünlük verilir. Yəni bu növ insanların təbirincə desək, onlar yalnızlıqdan daha çox zövq alırlar. Kütlə içərisində əhval-ruhiyyələrinin korlanmasından ehtiyat edirlər. Sosial ünsiyyətdən yayınırlar. Həkim bildirdi ki, əslində bu problemdən qurtuluş yolunu valideynlər və həmin insanların əhatəsi tapmalıdır. Çünki adaptasiya problemi aradan asan qalxmır. Səbir və istək tələb edir ki, buna insanın ətrafı kömək etməlidir. Eyni zamanda o, insanların sosial mühitdə incidilməsinə, əzilməsinə imkan verilməməlidir. Mümkün qədər ünsiyyətdən qaçan insanlar üçün müdafiə mexanizmi qurulmalıdır.

Məsələ ilə bağlı tanınmış kinorejissor Ayaz Salayevin də fikrini öyrəndik. Ayaz Salayev hesab edir ki, dünyada teatrlar yarananda, kimlərsə bunu kitabın ölümü saydılar. Kino kəşf olunanda isə, bunu teatrların sonu kimi qəbul edənlər var idi. XX əsrin sonlarına yaxın sürətli texniki inkişafdan sonra kinoteatrların da sonunun yaxınlaşdığını ehtimal edənlər çox idi. Kinorejissor qed etdi ki, internet həyatımıza çox şeyi əlavə etdi, amma heç nəyi əvəz eləmədi. Kino kino olaraq, teatr teatr, kitab isə kitab olaraq qaldı. Biz internetlə nələrisə qazandıq. Amma heç nə itirmədik. Çünki o əlavə edir, əvəz edə bilmir. Ayaz Salayev deyir ki, işini düzgün quran kinoteatrlarda hazırda durum o qədər də pis deyil. İnsanların kinoya maraq göstərməsi sevindiricidir. Bu, həm də kinorejissorları məcbur edir ki, insanların zövqünə oxşayan, tamaşaçı gətirən filmlər çəkək. Ayaz Salayev əlavə etdi ki, kinoya individual baxış da mövcuddur. Amma böyük zalları heç nə əvəz edə bilmir. Müasir kinoteatrların olması da bu sahədə atılan uğurlu addımlardandır. Mən özüm ailəmlə ötən həftə uzun illərdən sonra film izləməyə getdim və böyük zövq aldım. Çünki insanların əhatəsində film seyr etmək başqa bir aləmdir. Kino sənətinin inkişafı da məhz onun tamaşaçı auditoriyası ilə çox bağlıdır. Heç bir sənət adamı istəməz ki, onun filminə baxış az olsun. Yəni internetdə oturub izlənilsin. Çünki insanların filmə baxarkən reaksiyalarını duymaq sənət adamına, rejissora daha böyük stimul verir. Film izləmək və ya internetin fərqli imkanlarından faydalanmaq insanın düşüncə üfüqlərini genişləndirməsində çox faydalı ola bilər. Mütəxəssisin fikrincə qərb ölkələrinin təcrübəsi  təsdiqlədi ki, kinoteatrlar gənclərdə birlik mədəniyyətinin formalaşdır, o cümlədən onların psixikasında pozitivlik yaradır. Ayaz Salayevin fikrincə davamlı bir dövlət proqramı olmalıdır ki, kinoteatrlarımız yenidən mədəniyyət mərkəzlərinə çevrilsinlər. 
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı