YANUKOVİÇ QAÇMAQ İSTƏDİ, SƏRHƏDÇİLƏR BURAXMADI
Ukraynanın həbsdən buraxılan keçmiş baş naziri Yuliya Timoşenkonun çıxışını dinləmək üçün ötən axşam Kiyevin Müstəqillik Meydanına 50 mindən çox adam toplaşıb. Xarkov klinikasından buraxılan Yuliya Timoşenko xüsusi reyslə Kiyevə gedib. Sabiq baş nazirin ilk işi Ukrayna paytaxtının Qruşevsk küçəsini ziyarət etmək və fevralın 18-dən sonra başlayan toqquşmalarda həlak olanların xatirəsini anmaq olub. Yuliya Timoşenko daha sonra meydana yollanıb. O, səhnəyə əlil arabasında çıxıb və "Əsrin qəhrəmanları" adlandırdığı aksiya iştirakçılarına müraciət edib. Ali Radanın qərarı ilə mayın 25-nə təyin edilən növbədənkənar prezident seçkilərində iştirak etmək niyyətini açıqlayan Yuliya Timoşenko prezident Viktor Yanukoviçin məhkəmə qarşısında cavab verməli olduğunu deyib. SİTAT: "Biz birlikdə çox vacib işi sona çatdırmalıyıq. Əmin olmalıyıq ki, Yanukoviç və dəstəsi Maydan Məhkəməsi qarşısında dayandılar". SİTATIN SONU. Qeyd edək ki, ötən axşam Ukrayna parlamenti Viktor Yanukoviçin istefaya göndərilməsi və növbədənkənar seçkilərin mayın 25-də keçirilməsi barədə qərar qəbul edib. Artıq Viktor Yanukoviçin Ukraynadan qaçmağa cəhd göstərməsi ilə bağlı məlumatlar yayılıb. Ukraynanın Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, silahlı şəxslər Donetsk hava limanından Viktor Yanukoviçi yola salmağa çalışıblar. Onlar sərhədçilərə bunun müqabilində rüşvət də təklif ediblər. Sərhədçilərin imtina cavabından sonra Viktor Yanukoviç zirehli avtomobillə hava limanını tərk edib. Lakin səlahiyyətləri əlindən alınmış prezidentin hara getməyə çalışdığı bəlli deyil. Kiyevdə qanlı toqquşmalar artıq arxada qalsa da, bir neçə gün əvvəlki toqquşmalar nəticəsində ölənlərin sayı artmaqda davam edir. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalar başlayandan 82 nəfər ölüb. Fevralın 22-si saat 18-dək səhiyyə müəssisələrinə 622 nəfər müraciət edib. Onlardan 405-i xəstəxanaya yerləşdirilib.