Xocalı qurbanları Türkiyədə anıldı
Türkiyənin Eskişehir şəhərində Xocalı soyqırımı ilə bağlı fotosərgi keçirilib. APA TV-nin məlumatına görə, Alpərən Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin təşkil etdiyi sərgidə 48 foto nümayiş etdirilib. "Alpərən Ocaqları"nın sosial layihələr üzrə nümayəndəsi Mustafa Qəhrəman jurnalistlərə açıqlamasında bildirib ki, 1992-ci il fevralın 26-da məsum Azərbaycan vətəndaşları kütləvi şəkildə qətlə yetirilib. Onun sözlərinə görə, sərginin məqsədi Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımının unudulmasına imkan verməməkdir. Yerli əhalinin marağına səbəb olan sərgi bu gün axşama qədər davam edəcək.