Bakıda atışma: POLİS RƏİSİNİN MÜAVİNİ, OĞLU VƏ DAHA 2 NƏFƏR GÜLLƏLƏNDİ
Bakının Sabunçu rayonunda atışma baş verib. Nəticədə 3 nəfər ağır yaralanıb, bir nəfər isə çatdırıldığı 3 saylı şəhər klinik xəstəxanasında keçinib.
APA TV-nin məlumatına görə, silahlı insidentə səbəb rayonun Musabəyov küçəsində yaşayan Gülağa Lətifovun torpaq üstə qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev, Fərid Qədirov və Akif Nəzərovla mübahisə etməsi olub. 68 saylı orta məktəbin həyətində stadion üçün nəzərdə tutulmuş ərazidə çay evi tikdirmək istəyən Gülağa Lətifova Musabəyov küçəsində yaşayan sakinlər mane olmağa çalışıblar.
Məktəbin balansında olan əraziyə daş tökdürərək qanunsuz tikintiyə başlamaq istəyən Gülağa Lətifova Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən də, xəbərdarlıq edilib. Lakin o, edilən xəbərdarlığa baxmayaraq, stadionun ərazisini mənimsəyərək tikinti işlərinə başlayıb. Sakinlər tikintiyə mane olmaq istəyiblər. Bu zaman Gülağa Lətifov silaha əl atıb. Maşınında gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşularını ağır yaralayıb.
Hadisə nəticəsində Suraxanı rayonu Polis İdarəsinin rəis müavini, 1955-ci il təvəllüdlü Akif Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin 1954-cü il təvəllüdlü Yusif Əlipaşayev və 1990-cı il təvəllüdlü Fərid Bəxtiyar oğlu Qədirov güllə xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. F. Qədirov aldığı güllə xəsarətlərindən xəstəxanada ölüb.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəni törədən şəxs qaçıb, onu saxlamaq hələlik mümkün olmayıb. Həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.